Myanma Baş naziri Vyaçeslav Volodini ölkəsinə dəvət etdi – ÖZƏL

Myanmanın Baş naziri Min Aun Hlain Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodini və parlament nümayəndə heyətini 2025-ci ildə ölkəsinə rəsmi səfərə dəvət edib. 

Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Dumasının rəsmi saytında məlumat verilib.

4 martda Dövlət Dumasında Vyaçeslav Volodin və Min Aun Hlain arasında görüş keçirilib. Tərəflər sosial-iqtisadi və humanitar məsələlər, qanunvericilik sahəsində təcrübə mübadiləsi, eləcə də parlamentlərarası dialoqun inkişafı kimi mövzuları müzakirə ediblər.

Myanma Baş naziri bildirib ki, ölkədə 2020-ci ilə qədər parlament fəaliyyət göstərirdi, lakin fövqəladə vəziyyətin elan edilməsindən sonra qanunverici orqanların işi dayandırılıb. O vurğulayıb ki, fövqəladə vəziyyət aradan qaldırıldıqdan sonra ölkədə seçkilər keçiriləcək.

Görüş zamanı Vyaçeslav Volodin Rusiyanın seçki sistemi və Dövlət Dumasının formalaşma qaydası barədə məlumat verib. Min Aun Hlain bu mövzuya xüsusi maraq göstərərək Myanma parlamentinin gələcək fəaliyyəti üçün Rusiyanın təcrübəsini öyrənmək istədiklərini bildirib. O, həmçinin Rusiyanın suverenlik və xarici müdaxiləyə qarşı qanunvericilik sahəsində əldə etdiyi nailiyyətlərə maraq göstərib və bu məsələni daha dərindən araşdırmaq üçün Rusiyaya ekspertlər göndərəcəklərini qeyd edib.

"Ümid edirəm ki, siz ölkəniz və xalqınız üçün inkişafı təmin edəcək effektiv siyasi sistem qura biləcəksiniz", - deyə Vyaçeslav Volodin görüş zamanı bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31