Şimali Avropada Amerika mallarına qarşı boykot çağırışları genişlənir- ÖZƏL

Şimali Avropada Amerika mallarına qarşı boykot çağırışları getdikcə genişlənir. İsveç və Danimarkada on minlərlə insan Facebook-da ABŞ məhsullarının alınmasını dayandırmağa çağıran qruplara qoşulub.

Olaylar.az xəbər verir ki,  Norveçin ən böyük liman operatorlarından biri olan "Haltbakk Bunkers" şirkəti Facebook-da paylaşdığı açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinə yanacaq tədarükünü "dərhal" dayandırdığını elan edib. Bu qərar Norveç sahillərində dislokasiya olunmuş ABŞ sualtı qayıqlarını yeni yanacaq tədarükçüsü axtarmağa məcbur edəcək.

Şirkət bu addımı ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında Ağ Evdə baş verən mübahisədən sonra atdığını bildirib. "ABŞ-ın fəaliyyət göstərən prezidenti və onun vitse-prezidenti tərəfindən televiziyada canlı yayımlanan ən iyrənc mənzərədən sonra bu qərarı verdik" - deyə şirkətin bəyanatında qeyd olunub.

Bu bəyanat radikal görünə bilsə də, Şimali Avropada Amerikan brendlərinə qarşı getdikcə artan boykot dalğasının bir hissəsidir. Son həftələrdə Facebook-da yaradılan müxtəlif qruplar ABŞ məhsullarının və xidmətlərinin qara siyahıya salınması üçün siyahılar paylaşırlar. Bu təşəbbüsün iqtisadi təsirini qiymətləndirmək hələ çətin olsa da, iştirakçılar daha genişmiqyaslı bir hərəkatın yaranacağına ümid edirlər.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31