Pekin ABŞ-ın Əlavə Gömrük Rüsumlarına Qarşı Cavab Tədbirləri Görür- ÖZƏL
12:51 DünyaÇin ABŞ prezidenti Donald Tramp administrasiyasının idxal olunan Çin mallarına gömrük rüsumlarını 20%-ə qaldırmaq qərarına etiraz edir. Olaylar.az xəbər verir ki , bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin bəyanatında deyilir.
Çin hökuməti ABŞ administrasiyasının Çin mallarına gömrük rüsumlarını 20%-ə qədər artırmaq qərarına etiraz edib. Çin Ticarət Nazirliyi bu addımı Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarının ciddi şəkildə pozulması kimi qiymətləndirərək, ABŞ-a qarşı ÜTT-nin mübahisələrin həlli mexanizmi çərçivəsində iddia qaldırıb.
Nazirlikdən verilən açıqlamada ABŞ-ın birtərəfli gömrük rüsumlarının ləğv edilməsinin tələb olunduğu və Çinin öz hüquq və maraqlarını qorumaq üçün əks tədbirlər görəcəyi bildirilib.
Bundan əlavə, Çin Maliyyə Nazirliyi ABŞ-dan idxal edilən bəzi məhsullara əlavə rüsumlar tətbiq edəcəyini açıqlayıb. Qərara əsasən, 10 mart tarixindən etibarən ABŞ-dan gətirilən buğda üçün 15%, digər bəzi kənd təsərrüfatı məhsulları üçün isə 10% rüsum tətbiq ediləcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çin məhsullarına rüsumları 10%-dən 20%-ə qaldırmaq qərarını, Pekinin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində yetərli addımlar atmaması ilə əsaslandırıb. Çin tərəfi isə narkotiklərlə mübarizə sahəsində ABŞ ilə əməkdaşlığa böyük önəm verdiyini və bu istiqamətdə ciddi irəliləyişlər əldə edildiyini vurğulayıb.
Zeynəb Mustafazadə