Ərəb Ölkələri BMT Təhlükəsizlik Şurasını Qəzzada Sülhməramlı Qüvvələr Yerləşdirməyə Çağırır- ÖZƏL

Misirdə 4 mart tarixində Fələstin məsələsinin müzakirəsinə həsr olunmuş fövqəladə Ərəb Sammiti başlayıb. Sammit iştirakçıları BMT Təhlükəsizlik Şurasına müraciət edərək, Fələstin və İsrail xalqlarının təhlükəsizliyini təmin etmək üçün Qəzza zolağında və İordan çayının qərb sahilində beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini tələb edəcəklər.

Olaylar.az xəbər verir ki, sammitdə Qəzza ilə bağlı birgə ərəb qətnaməsi qəbul ediləcək. Bu sənəd Fələstin xalqının öz torpaqlarından məcburi köçürülməsinin qarşısını almaq üçün beynəlxalq və hüquqi tədbirlərin görülməsinə çağırır. Həmçinin, Qəzza zolağının fələstinlilərin torpaqlarından çıxarılmadan bərpası planı müzakirə ediləcək.

Sammit iştirakçıları atəşkəs razılaşmasını dəstəkləyəcək və mümkün pozuntuların qarşısını almaq üçün tədbirlər görəcəklər. Misirin hazırladığı hərtərəfli ərəb planının Fələstin və ərəb ölkələri ilə tam uzlaşdırıldığı bildirilir. Dünya Bankı və BMT İnkişaf Fondu tərəfindən aparılan araşdırmalara əsasən, Qəzzanın sürətli bərpası üçün maliyyə, maddi və siyasi dəstək göstəriləcək.

Bərpa planına əsasən, Qəzzada fələstinlilərin məskunlaşması üçün xüsusi humanitar zonalar yaradılacaq. Bu zonalar onların İsrail bombardmanları nəticəsində dağıdılmış evləri bərpa olunana qədər müvəqqəti yaşayış yeri kimi istifadə ediləcək. Layihənin ümumi dəyəri 53 milyard dollar olaraq qiymətləndirilir.

Sənəddə İsrailin Qərb Sahilindəki hücumlarını, yaşayış məntəqələrinin və infrastrukturun dağıdılmasını dayandırması tələb olunur. Sammitə Fələstin, İraq, Bəhreyn, Mavritaniya, Küveyt və digər ərəb ölkələrinin liderləri qatılıb. Həmçinin, Suriyanın prezidenti Əhməd əş-Şəranın da sammitdə iştirakı gözlənilir.

Qeyd edək ki, 25 yanvar 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp Qəzzadakı fələstinlilərin Misir və İordaniyaya deportasiya olunmasını təklif etmişdi. Lakin bu plan Misir və İordaniya başda olmaqla ərəb dövlətləri, regional və beynəlxalq təşkilatlar tərəfindən rədd edilmişdi.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31