Vaşinqton-Kiyev münasibətlərində gərginlik: ABŞ-nin dəstəyi azalır – ÖZƏL

Vaşinqton və Kiyev arasındakı münasibətlərdə yaranan gərginlik, ABŞ-nin Ukrayna məsələsində Şimali Atlantika Alyansına (NATO) dəstəyinin azalmasına işarə edir. 

Olaylar.az xəbər verir ki, bu barədə Fudan Universitetinin Amerika Araşdırmaları Mərkəzinin direktoru Vu Şinbo məlumat verib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasındakı son fikir ayrılıqları Vaşinqtonun NATO-ya dəstəyinin gələcəkdə daha da zəifləyəcəyini göstərir.

ABŞ Ukraynaya dəstəyi dayandırır

Vu Şinbo bildirib ki, Trampın baxışına əsasən, Avropanın təhlükəsizliyi ilk növbədə Avropanın özü tərəfindən təmin edilməlidir və ABŞ bu prosesdə iştirakını azaltmalıdır. Ekspertin fikrincə, Vaşinqtonun Kiyevə hərbi dəstəyi dayandırmaq qərarı Ukrayna və Rusiyanı atəşkəsə və danışıqlara təşviq etməyə yönəlib.

"ABŞ-nin bu addımının digər məqsədi Ukraynanı mineral ehtiyatlarla bağlı razılaşmanı imzalamağa məcbur etməkdir", - deyə professor vurğulayıb. O əlavə edib ki, Avropa ölkələri Ukraynaya dəstəklərini bəyanatlarla ifadə etməyə davam etsələr də, real imkanları məhduddur və bu səbəbdən siyasətlərini yenidən nəzərdən keçirməlidirlər.

Zelenski-Tramp görüşü gərgin keçib

Ağ Evin sözçüsü Karolin Livittin sözlərinə görə, Vaşinqton Zelenskinin Rusiya ilə sülh sazişi ilə bağlı danışıqlarda inadkarlıq nümayiş etdirdiyini qeyd edib.

Fevralın 28-də Zelenski Vaşinqtona səfəri çərçivəsində Tramp ilə görüşüb. Lakin görüş gərgin keçib və tərəflər arasında fikir ayrılığı yaranıb. ABŞ-ın vitse-prezidenti Cey Di Vens Zelenskinin Vaşinqtonun dəstəyinə görə təşəkkür etmədiyini vurğulayıb. Bu səbəbdən mətbuat konfransı ləğv edilib və ABŞ ilə Ukrayna arasında mineral ehtiyatlarla bağlı saziş imzalanmayıb. Tramp görüşdən sonra Zelenskinin "hörmətsizlik" və "sülhə maraq göstərmədiyini" bildirib.

Martın 4-də ABŞ Ukraynaya hərbi yardımı rəsmi olaraq dayandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31