Rusiya Yaponiya XİN rəhbərinin və bir sıra rəsmilərin ölkəyə girişini qadağan edib- ÖZƏL

Rusiya Yaponiya hökumətinin tətbiq etdiyi sanksiyalara cavab olaraq, bu ölkənin xarici işlər naziri Takeşi İvaya və bir sıra digər rəsmi şəxslərin ölkəyə girişini qadağan edib. Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qadağa siyahısına Yaponiyanın Ukraynadakı keçmiş və hazırkı səfirləri - Masasi Nakagome və Kuninori Matsuda, həmçinin Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) yüksək vəzifəli rəsmiləri Şohei Hara və Hideki Matsunaga daxil edilib.

Bundan əlavə, Rusiyaya girişinə icazə verilməyən şəxslər arasında tanınmış yapon şirkətlərinin rəhbərləri də var. Onların arasında IHI Corporation-un prezidenti Hiroşi İde, ISUZU Motors-un rəhbəri Şinsuke Minami, Prodrone-un prezidenti Şunsuke Toya və Cyberdyne şirkətinin rəhbəri Eşiyuki Sankaya yer alır.

Rusiya XİN bildirib ki, bu addım Tokionun Moskvaya qarşı davam edən sanksiyalarına cavab tədbiri kimi atılıb.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31