İran Türkiyə XİN başçısının bəyanatlarını tənqid etdi – ÖZƏL

İran Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın Tehranla bağlı səsləndirdiyi fikirləri "destruktiv" adlandırıb. 

Olaylar.az xəbər verir ki, buna səbəb Fidanın Al Jazeera telekanalına verdiyi müsahibədə İranın regiondakı siyasətini tənqid etməsi olub.

Türkiyəli nazir İranın bölgədə "öz fəthləri uğrunda" böyük resurslar xərclədiyini bildirib. O eyni zamanda, Suriya münaqişəsində iştirak edən proiran qruplaşmalara işarə edərək, "keçmiş səhvlərin təkrarlanmamalı olduğunu" vurğulayıb.

İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai bu fikirlərə cavab verərək bəzi Türkiyə rəsmilərinin öz siyasətlərinin nəticələri barədə daha dərindən düşünməli olduqlarını bildirib. Tehran hesab edir ki, region ölkələrinin prioriteti xalqlarının maraqlarına uyğun təhlükəsizlik sisteminin qurulması olmalıdır.

Bəqai əlavə edib ki, fikir ayrılıqlarına baxmayaraq, İran Türkiyə ilə münasibətlərə böyük önəm verir və Ankara ilə bir sıra ortaq maraqları paylaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31