Dodon: Avropa bürokratları Moldovanı Rusiyaya qarşı aqressiyanı artırmağa təhrik edir – ÖZƏL

Moldovanın keçmiş prezidenti və müxalifətdəki Sosialistlər Partiyasının lideri İqor Dodon Avropa bürokratlarının ölkəni Rusiyaya qarşı daha sərt mövqe tutmağa yönəltdiyini iddia edib.

Olaylar.az xəbər verir ki, o, bu fikri TASS-a müsahibəsində bildirib.

Dodonun sözlərinə görə, bu cəhdlər xüsusilə Münhen Təhlükəsizlik Konfransından sonra daha da intensivləşib. "Düşünürəm ki, Avropa bürokratları (Moldova prezidenti) Maya Sandu vasitəsilə Moldovanın Rusiyaya qarşı aqressiyasını artırmağa çalışırlar," - deyə o qeyd edib.

Keçmiş prezident ölkə rəhbərliyinin anti-Rusiya ritorikasının son günlərdə kəskinləşdiyini vurğulayıb. O, vəziyyətin daha təhlükəli mərhələyə keçməməsini arzuladığını bildirib: "Ümid edirəm ki, Rusiya və ABŞ arasında Ukrayna və digər ölkələrlə bağlı mümkün sülh razılaşması Moldovanın bəzi siyasətçilərini və onların Brüssel və digər Avropa paytaxtlarındakı himayədarlarını sakitləşdirəcək."

Son vaxtlar Moldova bank sektorunda Rusiyaya qarşı sanksiyalar tətbiq edib, bu ölkə ilə birbaşa hava əlaqəsini dayandırıb və bir sıra digər məhdudiyyətlər tətbiq edib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moldova rəhbərliyinin Aİ-nin anti-Rusiya sanksiyalarına qoşulması Moskva tərəfindən düşmənçilik addımı kimi qiymətləndirilir.

Qeyd edək ki, Moldova hakimiyyətinin Rusiya və MDB-yə münasibəti 2020-ci ildə Maya Sandunun prezident seçilməsindən sonra dəyişməyə başlayıb. O, Avropa İttifaqına inteqrasiyanı prioritet elan edərək MDB sammitlərində iştirakdan imtina edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31