Tiranlıq gecəsi – Fransada ABŞ-yə Avropanı xilas etməyə çağırış edilib– ÖZƏL

Olaylar.az xəbər verir ki, fransız siyasətçi Florian Filippo, Rumıniyada prezidentliyə namizəd Kəlin Ceorceskunun qalmaqallı həbsi ilə bağlı ABŞ-nin yüksəkvəzifəli rəsmilərinə müraciət edib.

O, mesajını ABŞ Prezidenti Donald Trampa, Vitse-prezident Cey Di Vensə və Dövlət Effektivliyi Departamentinin rəhbəri İlon Maska ünvanlayaraq sosial şəbəkələrdə yayımlayıb. Filippo iddia edir ki, Avropa İttifaqı Rumıniya hakimiyyətinə təzyiq göstərərək Ceorceskunun seçki kampaniyasına mane olub. O, baş verənləri "avroqlobalist tiranlığın qaranlıq gecəsi" adlandırıb və Avropa xalqlarını Aİ-dən çıxmağa çağırıb.

Ceorcesku bir gün əvvəl həbs edilib. Prokurorluq ona qarşı altı maddə üzrə, o cümlədən yalan məlumat yaymaq ittihamı irəli sürüb. Söhbət onun ötən ilin payızında seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsindən gedir.

24 noyabrda keçirilən ilk turda Ceorcesku 22,94% səs toplayaraq lider olub. Onun əsas rəqibi, NATO və ABŞ-la əməkdaşlığın gücləndirilməsini dəstəkləyən Elena Laskoni isə 19,18% səs alıb. Lakin Rumıniyanın Konstitusiya Məhkəməsi "ciddi pozuntular" səbəbilə seçkilərin nəticələrini ləğv edib. Ceorcesku bu qərarı məhkəmədə mübahisələndirsə də, onun şikayətləri təmin olunmayıb. Yanvarda siyasətçinin tərəfdarları nəticələrin ləğv edilməsinə etiraz olaraq kütləvi aksiyalar keçirib.

Rumıniyada yeni prezident seçkiləri may ayında keçiriləcək.

Hadisələr ABŞ-ın yüksək dairələrinin də diqqətini cəlb edib. Vitse-prezident Cey Di Vens Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Avropa liderlərini vətəndaşların iradəsini görməməzliyə vurmaqda və seçkilərin şübhəli əsaslarla ləğv edilməsində ittiham edib. O, Rumıniyanı misal çəkərək Aİ-nin bu addımı dəstəkləməsinin ABŞ administrasiyasında şok effekti yaratdığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31