İstanbulda Rusiya və ABŞ arasında diplomatik missiyalarla bağlı konstruktiv danışıqlar aparılıb – ÖZƏL
28 Fevral 2025 10:37 DünyaFevralın 27-də İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri diplomatik missiyaların fəaliyyətinin sabitləşdirilməsi üçün ilkin addımları müzakirə ediblər.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
ABŞ tərəfi görüş zamanı bank xidmətlərinə və müqaviləli xidmətlərə çıxış, eləcə də ABŞ-nin Moskvadakı səfirliyində sabit kadr səviyyəsinin təmin olunması məsələlərini qaldırıb.
"Danışıqlar zamanı hər iki tərəf diplomatik missiyaların fəaliyyətini sabitləşdirmək üçün konkret ilkin addımları müəyyənləşdirdi", - deyə bəyanatda bildirilir.
Tərəflər bu məsələlərlə bağlı yaxın vaxtlarda növbəti görüş keçirməyə razılaşıblar. Görüşün tarixi, yeri və tərkibi daha sonra müəyyən ediləcək.
Bu görüş ABŞ Dövlət Katibi Marko Rubio və Rusiya Xarici İşlər Naziri Sergey Lavrov arasında aparılan əvvəlki təmasların davamı olub.
ABŞ nümayəndə heyətinə Dövlət Departamentinin Rusiya və Mərkəzi Avropa üzrə köməkçi katibinin müavini Sonata Coulter, Rusiya nümayəndə heyətinə isə Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru, səfir Aleksandr Darçiyev rəhbərlik edib.
Son həftələrdə Rusiya və ABŞ arasında diplomatik əlaqələr intensivləşib. Fevralın 12-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. 1 saat 30 dəqiqə davam edən söhbət Trampın prezidentliyinin 23-cü gününə təsadüf edib. Liderlər Ukrayna münaqişəsi, ikitərəfli münasibətlər və vətəndaşların mübadiləsi də daxil olmaqla geniş məsələləri müzakirə ediblər.
Fevralın 18-də isə Rusiyanın və ABŞ-ın yüksək səviyyəli nümayəndə heyətləri Ər-Riyadda görüşüblər. Danışıqlardan sonra Rusiya Xarici İşlər Naziri Sergey Lavrov tərəflərin Rusiya və ABŞ-nin yeni səfirlərinin təcili təyin edilməsi və Rusiya diplomatik missiyalarının fəaliyyətinə mane olan problemlərin aradan qaldırılması barədə razılığa gəldiklərini bildirib.