Çin ABŞ-nin Tayvana hərbi yardımı davam etdirməsindən narahatdır – ÖZƏL
26 Fevral 2025 15:25 DünyaABŞ Prezidenti Donald Tramp administrasiyasının Taypeyə hərbi dəstək verməyə davam etmək niyyəti Çin hakimiyyətinin ciddi narahatlığına səbəb olub və Tayvan boğazında sülhü təhlükə altına qoya bilər.
Olaylar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bəyan edib.
"Bizə daxil olan məlumatlar bizi ciddi narahat edir," - deyə Çinli diplomat bildirib. O Vaşinqtonun Ağ Ev tərəfindən yeni açılmış 5,3 milyard dollarlıq dövlət fondlarından Tayvana 870 milyon dollar həcmində hərbi yardım ayırmağı planlaşdırdığını vurğulayıb.
Lin Jian qeyd edib ki, Pekin vəziyyəti diqqətlə izləyəcək və "ölkənin milli suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qətiyyətlə qoruyacaq". O, Vaşinqtona Taypeyi silahlandırmağı dayandırmaq çağırışı edərək, bu addımın "Tayvan boğazında sülh və sabitliyi sarsıda biləcəyini" vurğulayıb.
Çin rəsmisi ABŞ-ın Tayvana silah tədarükünün "Vahid Çin" prinsipini və iki ölkə arasında imzalanmış üç birgə kommünike üzrə razılaşmaları ciddi şəkildə pozduğunu bildirib. O əlavə edib ki, bu cür addımlar "Tayvanın guya müstəqilliyini dəstəkləyən separatçı qüvvələrə yanlış siqnal göndərir".
"Bu, Çinin suverenliyinə və təhlükəsizlik maraqlarına ciddi müdaxilədir; biz buna qəti şəkildə etiraz edirik," - deyə Lin Jian vurğulayıb.
Qeyd edək ki, Tayvan 1949-cu ildən bəri öz administrasiyası tərəfindən idarə olunur. Çin Vətəndaş Müharibəsində məğlub olan Çan Kay-Şinin rəhbərlik etdiyi Kuomintang qüvvələri məhz həmin il adaya sığınaraq burada keçmiş Çin Respublikasının atributlarını qoruyub saxlamışdı. Pekinin rəsmi mövqeyinə və dünyanın əksər ölkələrinin, o cümlədən Rusiyanın dəstəyinə görə, Tayvan Çinin əyalətlərindən biri hesab edilir. ABŞ "Vahid Çin" siyasətini tanısa da, Taypeylə əlaqələrini davam etdirir və adaya silah satmağa davam edir.