Lavrov ABŞ-nin mesajını Tehrana ötürməyib – İran rəsmisi – ÖZƏL

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-nin Tehrana hər hansı mesaj ötürdüyü barədə iddiaları təkzib edib. 

Olaylar.az xəbər verir ki, bu barədə İranın yüksək səviyyəli diplomatı Abbas Əraqçi məlumat verib.

"Sergey Lavrov bizimlə Rusiyanın ABŞ ilə apardığı danışıqların detalları və region ölkələri ilə olan əlaqələri haqqında məlumat paylaşdı. Lakin heç bir mesaj çatdırılmadı və belə bir razılaşma da olmayıb," - deyə Əraqçi İran Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

İranlı diplomat vurğulayıb ki, Tehran uzun illərdir ABŞ sanksiyalarına məruz qalsa da, "öz inkişaf yolunu müəyyən edib və heç bir məhdudiyyətə əhəmiyyət vermir".

Qeyd edək ki, Lavrov fevralın 25-də Tehranda iranlı həmkarı və ölkə prezidenti Məsud Pezeşkiyanla görüşlər keçirib. O, İran rəsmilərinə fevralın 18-də Riyadda baş tutan Rusiya-ABŞ görüşü barədə məlumat verdiyini açıqlayıb.

Riyaddakı görüş dörd saatdan çox davam edib. Rusiya nümayəndə heyətinə Xarici İşlər Naziri Sergey Lavrov, Prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev rəhbərlik edib. ABŞ tərəfini isə Dövlət Katibi Marko Rubio, Milli Təhlükəsizlik müşaviri Mayk Valtz və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoff təmsil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31