Trampın planında Ukraynaya qoşun göndərmək öhdəliyi yoxdur– ÖZƏL
26 Fevral 2025 11:31 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli planında Vaşinqtonun bölgəyə qoşun göndərmək və ya hərbi əməliyyatlar zamanı yardım göstərmək öhdəliyi nəzərdə tutulmur. Bu barədə Wall Street Journal qəzeti Ağ Ev administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Yüksək rütbəli rəsmilərin qəzetə verdiyi məlumata görə, Fransa Prezidenti Emmanuel Makron Vaşinqtona səfəri zamanı Trampı Paris və Londonun Ukraynaya yerləşdirməyi planlaşdırdığı qüvvələrə dəstək verməyə çağırıb. Mənbə bildirib ki, Tramp bu fikrə açıq yanaşıb və bu səbəbdən Makron ABŞ-dan qarşılıqlı anlaşma əldə etdiyinə inanaraq ayrılıb.
"Makron Trampın onunla razılaşdığını düşünür, lakin Ağ Ev nümayəndəsi bildirib ki, Trampın hazırladığı sülh sazişi gələcəkdə hərbi yardımla bağlı heç bir təminat və ya ABŞ qoşunlarının bölgəyə göndərilməsi öhdəliyini nəzərdə tutmur", - WSJ yazır.
Bundan öncə Tramp ABŞ-nin Ukraynaya hərbi yardım göstərmədiyini bəyan etmişdi. Ağ Ev isə Ukrayna ilə bağlı istənilən razılaşmanın iştirakçıları tam razı salmayacağını bildirmişdi.
Xatırladaq ki, WSJ daha əvvəl Fransa və Britaniyanın Ukraynaya 30 min sülhməramlı qüvvə yerləşdirmək planları olduğunu yazmışdı.