ABŞ məhkəməsi Tramp administrasiyasını ödənişə məcbur etdi – ÖZƏL

ABŞ federal məhkəməsi   Donald Trampın administrasiyasını bir neçə qeyri-kommersiya təşkilatına milyonlarla dollar ödəməyə məcbur edib. 

Olaylar.az ABC News-a istinadən xəbər verir ki, məhkəmə administrasiyanın iki həftə əvvəl qəbul edilən müvəqqəti məhdudlaşdırıcı məhkəmə qərarına əməl etmədiyini müəyyən edib.

Hakim Əmir Əli prezident Co Baydenin təyinatçısı, çərşənbə axşamı keçirilən uzunmüddətli məhkəmə dinləməsində Tramp administrasiyasının vəkillərini sərt şəkildə tənqid edib. O, administrasiyanın 20 yanvar tarixində Trampın imzaladığı və 90 gün ərzində xarici yardımı donduran fərmana qədər təşkilatların gördüyü işlərə görə ödəniş etmədiyini bildirib.

Hakim Əli fevralın 13-də imzaladığı məhdudlaşdırıcı məhkəmə qərarının icrası ilə bağlı göstəriş verərək, ödəmələrin çərşənbə günü yerli vaxtla 23:59-a qədər həyata keçirilməsini tələb edib.

"İddiaçılar sübut etdilər ki, cavabdehlər (Tramp administrasiyası) məhkəmənin tələbinə əsasən dondurulmuş vəsaitləri açmayıb. Cavabdehlər bu sübutları inkar etməyiblər və bu gün məhkəmədə də məhdudlaşdırmanın aradan qaldırılması ilə bağlı konkret nümunələr təqdim edə bilmədilər", - deyə hakim Əli iki saat davam edən dinləmədən sonra bildirib.

ABŞ Ədliyyə Nazirliyinin vəkilləri isə Tramp administrasiyasının məhkəmənin qərarını görməzdən gəldiyini etiraf ediblər. Onlar bildiriblər ki, xarici yardımla bağlı vəsaitlərin qaytarılmasının tələb olunmaması üçün "suveren toxunulmazlıq" prinsipinə əsaslanırlar.

Hakim Əli ilə uzun müzakirə zamanı Ədliyyə Nazirliyinin hüquqşünası Tramp administrasiyasının məhkəmə qərarına əməl edib-etməməsi ilə bağlı əsas suallara cavab verməkdə çətinlik çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31