Çin Kanadadan sanksiyaları ləğv etməyi tələb edir– ÖZƏL

Olaylar.az xəbər verir ki, Çin hökuməti Kanadanın bir sıra Çin şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq öz şirkətlərinin hüquq və maraqlarını qorumaq üçün qətiyyətli addımlar atmağa hazırlaşır. Bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

Bundan öncə Kanada baş naziri Castin Tryudo 76 rusiyalı fiziki və hüquqi şəxsə, həmçinin 20 Çin şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğunu elan etmişdi.

Çinin Ticarət Nazirliyi Kanadanın bu qərarını yanlış addım adlandıraraq, rəsmi Ottavanı dərhal bu sanksiyalardan imtina etməyə çağırıb. Nazirlik bildirib ki, Çin öz müəssisələrinin qanuni maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcək. Bundan əlavə, Kanada tərəfindən tətbiq edilən birtərəfli sanksiyaların beynəlxalq ticarət və iqtisadiyyat qaydalarını pozduğu, həmçinin qlobal istehsal və logistika zəncirlərinin sabitliyinə təhlükə yaratdığı vurğulanıb.

Bundan başqa, Çin XİN-in nümayəndəsi Lin Tszyan Kanadanın bu addımını şərh edərək, Pekinin Ukraynadakı münaqişənin dinc yolla həllini dəstəklədiyini və heç bir tərəfə silah tədarük etmədiyini bildirib. O, həmçinin Çində pilotsuz uçuş aparatlarının ixracına nəzarətin dünyanın ən sərt nəzarət sistemlərindən biri olduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31