Sudanda hərbi təyyarə qəzaya uğrayıb: 19 nəfər həlak olub – ÖZƏL

Sudanın ikinci ən böyük şəhəri olan Omdurmanda hərbi təyyarənin qəzaya uğraması nəticəsində azı 19 nəfər həlak olub. 

Olaylar.az xəbər verir ki, bu barədə Al Arabiya telekanalı məlumat yayıb.

Məlumata görə, hadisəyə texniki nasazlıq səbəb olub. Yerli hərbi bazadan havaya qalxan təyyarə qəza enişi edərək mülki yaşayış evinə çırpılıb. Nəticədə, təyyarənin ekipaj üzvləri, sudanlı hərbçilər və evdə olan sakinlər həyatını itirib. Hazırda xilasedicilər hadisə yerində dağıntıları təmizləməkdə davam edirlər.

Qəzada həlak olanlar arasında Sudanın Xartum hərbi dairəsinin sabiq komandanı, general-mayor Bahar Əhməd Baharın da olduğu bildirilir.

Son illərdə Sudanda siyasi və hərbi vəziyyət gərgin olaraq qalır. Ölkənin suverenlik şurasının rəhbəri, ordu başçısı Abdel Fəttah əl-Burhan və paramilitar sürətli dəstələrin (RSF) lideri Məhəmməd Həmdan Dağalonun (Hemedti) fikir ayrılıqları səbəbindən 2023-cü ilin aprelində genişmiqyaslı hərbi qarşıdurmalar başlayıb. Münaqişə nəticəsində minlərlə insan həlak olub, on minlərlə insan yaralanıb. 2023-cü ildə tərəflər Ciddədə bir sıra danışıqlar apararaq atəşkəs barədə razılığa gəlsələr də, əldə olunan razılaşmalar tam icra olunmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31