Aİ Rusiyaya oyun kontrollerlərinin ixracını qadağan etdi – ÖZƏL
24 Fevral 2025 14:03 DünyaAvropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiya paketi çərçivəsində oyun kontrollerlərinin ixracını qadağan edib.
Olaylar.az xəbər verir ki, bu barədə Aİ Şurasının açıqlamasında bildirilib.
"Bu gün qəbul edilən qərarla məhdudlaşdırılmış malların siyahısı genişləndirilir. Siyahıya Rusiyanın hərbi sistemlərinin hazırlanması və istehsalı üçün istifadə olunan bəzi məhsullar, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) idarə olunmasında istifadə edilən [video oyun] kontrollerləri əlavə olunur", - açıqlamada qeyd olunub.
Mobile-Review vebsaytının baş analitiki Eldar Murtazin TASS-a verdiyi açıqlamada Avropanın video oyun konsollarının ixracını qadağan etməsinin rusiyalı istifadəçilərə heç bir təsir göstərməyəcəyini bildirib. Onun sözlərinə görə, Avropa belə məhsullar istehsal etmir və Rusiyanın paralel idxal sxemləri Aİ-ni əhatə etmir.
Reuters-in fevralın 19-da yaydığı məlumata əsasən, Aİ-nin yeni sanksiyalar paketi Rusiyaya video oyun konsollarının, joystiklərin və uçuş simulyatorları üçün kontrollerlərin ixracına qadağa qoyur. Daha əvvəl Aİ-nin ali diplomatı Kaja Kallas bildirmişdi ki, sanksiyalar Yaponiya şirkəti Sony-nin istehsal etdiyi PlayStation və ABŞ-ın Microsoft şirkətinin Xbox oyun konsollarına da şamil edilə bilər.
Qeyd edək ki, Microsoft, Nintendo və Sony 2022-ci ilin mart ayının əvvəlində Rusiyada məhsul satışını dayandırıb.