Ukrayna mövzusunda Berlin kifayət qədər zəif təəsürat bağışlayırdı- ÖZƏL
24 Fevral 2025 10:50 Dünya"Almaniyada parlament seçkiləri geridə qaldı. Baş nazir postu və parlamentdə çoxluq Xristian Demokrat Birliyi ( İttifaqı) və Xristian Sosialistlər Birliyi ( İttifaqı) nın əlinə keçdi". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "Almaniyada hər seçici iki səs verir. "Erstimme" adlanan birinci səsi vətəndaş seçki dairəsi üzrə birbaşa namizəd üçün verir və ən çox səs alan namizəd Bundestaqa üzv seçilir. "Zweitstimme" adlanan ikinci səs isə partiyalara verilir və parlamentdə partiyaların təmsilçiliyini müəyyən edir. Partiya Bundestaqa daxil olmaq üçün ən azı 5 faiz səs toplamalı və ya 3 birbaşa mandat qazanmalıdır. Ölkənin seçki sistemində ötən il aparılan islahatlardan sonra təşkil olunan bu ilk səsvermə nəticəsində parlamentdə deputat sayı 733-dən 630-dək azalacaq.
Qalib gələn XDİ/XSİ əsasən kiçik sahibkarlar, fermerlər, kənd və rayonların sakinləri tərəfindən dəstəklənir. XX əsrdə bir neçə dəfə hakimiyyətə gələn partiyanın tanınmış liderləri içərisində Angela Merkeli deyə bilərik. Yəgin ki, əhalinin daha çox hissəsinin bu partiyaya səs verməsinin səbəbləri arasında başda elə bu faktor dayanır. Çünki Merkel dövründə Almaniya Aİ - də birinci dövlət olmaqla yanaşı dünyada vacib beynəlxalq aktor sayılırdı. Bəlkə də son 100 ildə ilk dəfə olaraq məhz Merkelin dövründə Almaniya Qərbin əsas söz sahibi dövlətlərindən birinə çevrildi. Şolts dövründə isə, Aİ - də liderlik Fransaya qayıtdı və istər ümumAvropa məsələlərində, istərsə də Ukrayna mövzusunda Berlin kifayət qədər zəif təəsürat bağışlayırdı".