Ərdoğan Ramazan ayında Suriyaya səfər edə bilər – ÖZƏL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mart ayının əvvəlində, Ramazan ayının ilk günündə Suriyaya səfər edə bilər.

Olaylar.az xəbər verir ki, bu barədə Now TV kanalı jurnalist Doğan Şentürkə istinadən məlumat yayıb.

"Doğan Şentürk hakim partiyadan məlumat aldığını bildirib. Ərdoğan Ramazanın ilk iftarını Dəməşqdə açacaq. O həmçinin ilk namazını Üməyyə məscidində qılacaq", - deyə telekanal xəbər verib.

Bundan əvvəl Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Dəməşqə səfər ediblər.

Xatırladaq ki, 2024-cü ilin noyabr ayının sonunda silahlı müxalif qüvvələr Suriya ordusuna qarşı genişmiqyaslı hücuma başlayıb. 8 dekabrda müxaliflər Dəməşqə daxil olub və bundan sonra Prezident Bəşər Əsəd vəzifəsindən gedərək ölkəni tərk edib.

10 dekabrda İdlibdəki "Xilasetmə hökumətinə" rəhbərlik edən Məhəmməd əl-Bəşir keçid dövrü üçün Suriya Nazirlər Kabinetinin başçısı olduğunu elan edib. 29 yanvar 2025-ci ildə isə yeni Suriya administrasiyasının rəhbəri Əhməd əş-Şəraa ölkədə keçid dövrü başa çatana qədər Suriya Prezidenti elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31