ABŞ BMT Baş Assambleyasına Ukrayna münaqişəsi ilə bağlı qətnamə təqdim edəcək – ÖZƏL
12:32 DünyaABŞ fevralın 24-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına Ukrayna münaqişəsinin həlli ilə bağlı qətnamə layihəsi təqdim edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində məlumat verib.
Rubionun sözlərinə görə, ABŞ bazar ertəsi BMT-yə "bütün üzv ölkələrin dəstəkləməli olduğu tarixi bir qətnamə" təklif edəcək. O, həmçinin ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsini bitirməyə sadiq olduğunu vurğulayıb.
Dövlət Departamentinin açıqlamasına əsasən, Tramp "Rusiya-Ukrayna müharibəsinə son qoymaq və uzunmüddətli sülhə gətirib çıxaracaq bir həll tapmaq" niyyətindədir. ABŞ tərəfindən hazırlanmış qətnamə layihəsi "BMT-nin təsis məqsədlərinə uyğun olaraq" təqdim edilir.
"Əgər BMT həqiqətən öz ilkin məqsədinə sadiqdirsə, biz etiraf etməliyik ki, çətinliklər yarana bilər, lakin uzunmüddətli sülh əldə edilə bilər," - deyə açıqlamada qeyd olunub.
Sənəddə həmçinin Ukraynadakı münaqişənin "dəhşətli" olduğu və BMT-nin bu müharibəyə son qoyulmasına kömək edə biləcəyi vurğulanır. "Biz inanırıq ki, indi bu münaqişəni bitirmək üçün real bir irəliləyiş əldə etməyin vaxtıdır," - deyə açıqlamada bildirilir.