Rusiya-XİN: "Rusiya-ABŞ sammitinin əsas mövzuları eynidir" – ÖZƏL
11:22 DünyaRusiya və ABŞ arasında münasibətlərin normallaşdırılması və kəskin problemlərin həlli Rusiya-ABŞ sammitinin əsas mövzularıdır.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov RIA Novosti-yə açıqlamasında bildirib.
"Suallar eynidir. Ümumi şəkildə ifadə etsək, əsas məsələ ölkələrimiz arasında münasibətlərin normallaşdırılmasına doğru addım atmaq və potensial olaraq çox təhlükəli olan kəskin problemlərin həlli yollarını tapmaqdır. Bu problemlər arasında Ukrayna məsələsi də var", - Ryabkov vurğulayıb.
O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın görüşünə hazırlıq prosesi gedir, lakin hələ ilkin mərhələdədir.
"Sammitin keçirilməsindən əvvəl intensiv hazırlıq işləri aparılmalıdır. Bu proses artıq başlayıb. Ər-Riyadda keçirilən danışıqlar bu işin vacib hissəsidir", - Rusiya XİN rəsmisi qeyd edib.
Çərşənbə axşamı Ər-Riyadda Rusiya və ABŞ arasında yüksək səviyyəli danışıqlar baş tutub. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun sözlərinə görə, uzun fasilədən sonra keçirilən ilk üzbəüz görüşdə tərəflər Rusiya və ABŞ arasında əməkdaşlığın tam bərpası və yeni sahələrdə genişləndirilməsi üçün şərait yaratmağa razılaşıblar.
Xüsusilə, Moskva və Vaşinqton səfirliklərin və digər diplomatik nümayəndəliklərin fəaliyyətinə mane olan süni məhdudiyyətlərin aradan qaldırılması, Ukrayna böhranının tezliklə həlli üçün yüksək səviyyəli işçi qruplarının yaradılması barədə razılığa gəliblər.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Ər-Riyadda keçirilən görüşdə beynəlxalq məsələlər üzrə dialoqun bərpası da müzakirə edilib. Tərəflər gələcəkdə kosmik, enerji və digər sahələrdə əməkdaşlığın bərpası imkanlarını nəzərdən keçirməyə hazır olduqlarını bildiriblər.