Navrotski: "Aİ Ukrayna ilə sülh danışıqlarında yer tutmağa layiq deyil" – ÖZƏL
21 Fevral 13:46 DünyaPolşada müxalifətdə olan "Hüquq və Ədalət" partiyasının prezidentliyə namizədi Karol Navrotski Avropa İttifaqının, eləcə də Fransanın və Almaniyanın Ukraynada sülh danışıqlarında iştirak etməyə layiq olmadığını bildirib.
Olaylar.az xəbər verir ki, "Wirtualna Polska" portalına müsahibəsində Navrotski Avropa İttifaqının qlobal strateji arenada təsir gücünün olmadığını vurğulayaraq, "Aİ xaos içindədir" ifadəsini işlədib.
O xüsusilə Almaniya kansleri Olaf Şoltsun Ukrayna məsələsinə heç bir təsir edə bilmədiyini və Fransa prezidenti Emmanuel Makronun isə Rusiya lideri Vladimir Putinlə danışıqlara heç kimi dəvət etmədiyini qeyd edib.
Navrotskinin fikrincə, Rusiya, Ukrayna və ABŞ-dan əlavə, Polşa da sülh danışıqlarında iştirak etməlidir. O Polşanın Ukraynalı qaçqınları qəbul etdiyini, prezident Andjey Dudanın Ukraynanın maraqlarını müdafiə etdiyini və ölkəsinin Ukraynaya əhəmiyyətli hərbi texnika göndərdiyini əsas gətirib.
Fevralın 16-da ABŞ-ın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Aİ-nin Ukrayna ilə bağlı danışıqlarda iştirak etməyəcəyini, lakin maraqlarının nəzərə alınacağını bəyan edib. Bu açıqlama Avropa paytaxtlarında narahatlıq yaradıb. Daha sonra Kelloq ABŞ-ın danışıqlarda Rusiya ilə Ukrayna arasında vasitəçilik edəcəyini bildirib.