Netanyahu: “HƏMAS razılaşmanı kobud şəkildə pozdu” – ÖZƏL

İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın girov saxlanılan Şiri Bibasın cəsədi əvəzinə tanınmayan bir fələstinlinin meyitini təhvil verdiyini bildirib. O bunu "razılaşmanın qəddar və iyrənc şəkildə pozulması" adlandırıb.

"HƏMAS-ın vəhşiliyi sərhəd tanımır. Onlar təkcə atanı - Yarden Bibası, gənc ananı - Şiri və iki azyaşlı övladlarını girov götürmədilər. Onların tam mənəvi aşınması o həddə çatıb ki, hətta Şirinin körpələri ilə birlikdə olmasına da imkan vermədilər. Əvəzində isə tabutda tanınmayan bir fələstinli qadının cəsədini qaytardılar," - deyə Netanyahu bildirib.

O əlavə edib ki, İsrail girovların, həm sağ, həm də həlak olmuş olanların geri qaytarılması üçün qətiyyətlə hərəkət edəcək və HƏMAS "tam şəkildə cavab verəcək".

HƏMAS fevralın 20-də Qırmızı Xaç Komitəsinə Bibas ailəsinin üç üzvünün və Oded Lifşitsin cəsədlərini təhvil verdiyini açıqlayıb. İsrail ordusunun məlumatına görə, Lifşitz və Bibas qardaşlarının kimliyi təsdiqlənib, lakin dördüncü cəsədin - Şiri Bibas olduğu güman edilən şəxsin tanınması mümkün olmayıb.

Yanvarın 15-də İsrail və HƏMAS arasında girovların azad edilməsi və Qəzzada atəşkəsin tətbiqi ilə bağlı razılaşma əldə edildiyi açıqlanıb. Üç mərhələdən ibarət olan bu razılaşma yanvarın 19-da qüvvəyə minib. Birinci mərhələ 42 gün davam etməlidir və bu müddət ərzində HƏMAS azı 33 girovu İsrail həbsxanalarındakı fələstinli məhbuslarla dəyişməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31