Polşada Ukraynadan gətirilən zədələnmiş texnika ilə bağlı qalmaqal baş verib– ÖZƏL

Olaylar.az xəbər verir ki, Polşada Ukraynadan gətirilən zədələnmiş hərbi texnikanın içərisində aktiv döyüş sursatlarının olduğu ortaya çıxdıqdan sonra qalmaqal yaranıb. Bu barədə Polşa Televiziyası məlumat yayıb.

Məlumata görə, həmin texnika böyük şəhərlərin mərkəzlərində sərgilənib və onların istənilən an partlaya biləcəyi ehtimal edilir. "Heç kim içəridə qranatlar və digər döyüş sursatlarının olduğunu yoxlamayıb", - xəbərdə bildirilib.

Bununla bağlı Polşa prokurorluğu araşdırmalara başlayıb.

Polşanın xüsusi xidmət orqanlarına nəzarət edən nazirin mətbuat katibi Yatsek Dobjinski hadisəni "axmaqlıq və məsuliyyətsizlik" adlandırıb.

"O texnikanı maşınlara yükləyib bütün Polşa boyu daşıyıblar. Güclü partlayış baş verə bilərdi", - deyə o qeyd edib.

Bundan əvvəl isə Polşalı general Valdemar Skşipçak ölkəsinin təhlükəsizliyini gücləndirmək üçün nüvə silahına sahib olmasının vacib olduğunu bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31