Zelenski: Trampın Ukraynadan 500 milyard dolların qaytarılmasını istəməsi ciddi deyil – ÖZƏL

ABŞ Prezidenti Donald Trampın Ukraynadan 500 milyard dolların geri qaytarılmasını tələb etməsi ciddi məsələ deyil. 

Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

"Biz yardım məsələsində aydınlıq gətirməliyik, çünki Ukrayna və ABŞ-ın rəqəmləri tamamilə fərqlidir. Müharibə bizə 320 milyard dollara başa gəlib. Ukrayna ümumilikdə 120 milyard dollar xərcləyib, ABŞ və Aİ isə birlikdə 200 milyard dollar həcmində silah paketi ayırıb. ABŞ bizə 67 milyard dollardan çox hərbi yardım, 31,5 milyard dollar isə birbaşa büdcəyə maliyyə dəstəyi verib. Amma bizdən 500 milyard dolların qaytarılmasının istənilməsi ciddi məsələ deyil," - Zelenski vurğulayıb.

Bundan əvvəl, Fox News kanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp Ukraynanın gələcəkdə Rusiyanın bir hissəsinə çevrilə biləcəyini etiraf edib və ABŞ-ın bu ölkəyə xərclədiyi vəsaitin geri qaytarılmasını istəyə biləcəyini deyib. Tramp qeyd edib ki, o bu məbləği Ukraynanın nadir yeraltı resursları şəklində almaq istəyir.

ABŞ liderinin açıqlamasına münasibət bildirən Kremlin sözçüsü Dmitri Peskov isə bəyan edib ki, Ukraynanın əhəmiyyətli bir hissəsi artıq Rusiyanın tərkibinə keçib. O Donetsk və Luqansk Xalq Respublikaları, həmçinin Zaporojye və Xerson vilayətlərində keçirilmiş referendumların nəticələrini xatırladaraq bu bölgələrin Rusiyanın bir hissəsi olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31