Aİ-nin 16-cı sanksiya paketi: Qara siyahıya yeni şəxslər və şirkətlər salınacaq – ÖZƏL
19 Fevral 2025 16:12 DünyaAvropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiya paketi çərçivəsində 48 fiziki şəxs və 35 hüquqi şəxsi qara siyahıya salacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Avropa diplomatlarına istinadən Reuters agentliyi məlumat yayıb.
Diplomatların sözlərinə görə, hüquqi şəxslərə qarşı sanksiyalar onların Aİ-dəki aktivlərinin dondurulmasını nəzərdə tutur, fiziki şəxslərə isə Avropaya giriş qadağan ediləcək. Bundan əlavə, Rusiyanın iddia edilən "kölgə donanmasına" aid 73 gəmi də məhdudiyyətlərə məruz qalacaq.
Yeni sanksiya paketi çərçivəsində Aİ Rusiyadan ilkin alüminium idxalını qadağan edəcək, Rusiyaya xrom və bəzi kimyəvi maddələrin ixracını dayandıracaq, eləcə də ölkənin neft və qaz emalı zavodlarına xidmət göstərilməsini yasaqlayacaq. Bundan əlavə, video oyun konsolları, joystiklər və uçuş simulyatorlarının üçüncü ölkələr vasitəsilə Rusiyaya satışı da qadağan ediləcək. Agentliyin məlumatına görə, bu avadanlıqlar Rusiya ordusu tərəfindən dronların idarə olunmasında istifadə edilə bilər.
AFP agentliyi isə xəbər verir ki, yeni sanksiyalar çərçivəsində 13 Rusiya bankı SWIFT qlobal ödəniş sistemindən çıxarılacaq və Aİ ərazisində 8 Rusiya media qurumunun yayımı qadağan ediləcək.
Bundan əlavə, Bloomberg agentliyinin mənbələrinə görə, Avropa İttifaqı Rusiyanın bəzi liman və hava limanları ilə maliyyə əməliyyatlarını da qadağan etməyi planlaşdırır.