ABŞ Ukraynanı danışıqlardan kənarlaşdırdı – amerikalı jurnalist
19 Fevral 2025 13:55 DünyaABŞ Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya ilə apardığı danışıqlara Kiyevi daxil etməyib və Prezident Vladimir Zelenskini "xidmətçi ziyafətə dəvət edilmir" fikri ilə barışmağa məcbur edir.
Olaylar.az xəbər verir ki, bunu The Grayzone portalının qurucusu, amerikalı jurnalist Maks Blumental bildirib.
Blumental TASS agentliyinə açıqlamasında qeyd edib ki, Ukraynanın danışıqlardan kənarlaşdırılması ölkənin sadəcə vasitəçi rolunda olduğunu təsdiqləyir.
"Ukrayna sadəcə canlı qüvvəsini savaş maşınına atmaq üçün istifadə edilirdi. Qarşılığında isə daha çox silah, daha çox yardım və seçkisiz Zelenskinin hakimiyyətdə saxlanması gözlənilirdi. Ancaq indi oyun başa çatıb. Zelenski başa düşməlidir ki, xidmətçini ziyafətə çağırmırlar", - deyə jurnalist vurğulayıb.
Blumentalın fikrincə, ABŞ-ın dəstəyi olmadan Zelenskinin heç bir gücü yoxdur, çünki Avropa nə onun üçün ordu göndərəcək, nə də yetərli yardım və ya silah verəcək.
Zelenskinin məğlubiyyəti
Jurnalist bildirib ki, Zelenski ABŞ və Britaniyada Avroatlantikçilərə arxalanaraq böyük səhv edib və nəticədə uduzub.
"Onun yeganə şansı müharibəni Baydenin prezidentliyi dövründə qəti qələbə ilə başa çatdırmaq idi. Ancaq bu, mümkün olmadı. 15 ay əvvəl baş tutmayan əks-hücumdan sonra Zelenski sadəcə vaxt qazanırdı. İndi isə Donald Trampın hakimiyyətə qayıtması ilə amerikalılar Ukraynaya həddindən artıq yardım etdiklərini anlayırlar və Trampın tərəfdarları bu müharibənin davamına tamamilə qarşıdır", - deyə Blumental bildirib.
Jurnalistin fikrincə, Zelenski ABŞ və Britaniyanın transatlantikist elitasının bir aləti olub və Vaşinqtonun dəstəyi olmadan London bu müharibəni davam etdirə bilməz.
Blumental əlavə edib ki, Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) və ona bağlı QHT-ləri ciddi şəkildə hədəfə alıb. Çünki bu qurumlar Trampın birinci prezidentliyi dövründə onu Rusiya ilə yaxınlaşmağa cəhd etdiyi üçün tənqid edirdi.
"Ukraynanın danışıqlardan kənarlaşdırılması Zelenskiyə və pro-Maydan qüvvələrinə qarşı bir cəza addımıdır. Çünki onlar Obama-Bayden administrasiyası ilə birlikdə Trampı hakimiyyətdən uzaqlaşdırmağa çalışırdılar", - deyə jurnalist yekunlaşdırıb.