ABŞ və Rusiya nümayəndələri Ukrayna məsələsini müzakirə ediblər – ÖZƏL
19 Fevral 2025 10:39 DünyaRusiya və ABŞ nümayəndələri fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 4,5 saat davam edən danışıqlar aparıblar.
Olaylar.az xəbər verir ki, görüşdə əsas müzakirə mövzularından biri Rusiyanın Ukraynadakı "xüsusi hərbi əməliyyat" nəticəsində nəzarətində saxladığı ərazilərin taleyi olub.
ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Mayk Volts görüşdən sonra jurnalistlərə açıqlamasında bu məsələnin gələcək danışıqlarda müzakirə olunacağını bildirib. "Reallıq odur ki, ərazi və təhlükəsizlik təminatları ilə bağlı müzakirələr aparılacaq. Bunlar istənilən danışıqların əsas hissəsini təşkil edəcək," - deyə o vurğulayıb.
ABŞ-ın Rusiyanın nəzarətindəki əraziləri tanıyıb-tanımaması ilə bağlı suala cavabında Volts "bu məsələnin müzakirə mövzusu olduğunu" bildirib. "Bu çətin vəzifəni yerinə yetirməyə başlamışıq. Ən vacib olan budur ki, proses artıq başlayıb," - deyə o əlavə edib.
Rusiya tərəfdən görüşdə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev iştirak ediblər. ABŞ-ı isə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Volts və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Vitkoff təmsil edib.
Yuri Uşakovun sözlərinə görə, görüşdə tərəflər gündəmdəki bütün məsələləri ətraflı müzakirə ediblər. Sergey Lavrov isə ABŞ nümayəndələri ilə söhbətin "çox konstruktiv" keçdiyini qeyd edib və tərəflərin Moskva və Vaşinqtonda səfir təyinatlarının tezliklə həyata keçirilməsinə dair razılığa gəldiyini bildirib.
ABŞ Dövlət Departamentinin məlumatına görə, Lavrov və Rubio Ukrayna məsələsi ilə bağlı danışıqlar aparmaq üçün xüsusi işçi qruplarının yaradılması və bir sıra qlobal problemlər üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.