Əsir düşmüş Ukrayna hərbçisi Zelenskidən münaqişəni dayandırmağı xahiş edib – ÖZƏL
18 Fevral 2025 15:29 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun əsir düşmüş hərbçisi İqor Boronilonun Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciətini əks etdirən videonu yayımlayıb. Boronilo müraciətində Zelenskidən hərbi əməliyyatları dayandırmağı və kompromislərə getməyi tələb edib.
"Vladimir Zelenski, yalvarıram, qırğını dayandır. Ola bilsin ki, onlar artıq sənin xalqın deyil, amma mənim insanlarımdır. Ağılla hərəkət et, kompromis tap. İnsanlar yorulub. Mən tək deyiləm, Avropa İttifaqına üzvlüyə ehtiyacım yoxdur. Qoy insanlar bir-birini görsün. Dayandır bu qırğını", - deyə Boronilo bildirib.
O prinsip etibarilə Ukraynada prezident seçkilərində iştirak etmədiyini və Zelenskini "maska taxan bir kloun" adlandırdığını deyib. Boronilo həmçinin Zelenskinin əvvəlcə oliqarx İqor Kolomoyskinin, indi isə Qərbin iradəsinə tabe olduğunu iddia edib. O Ukraynanın əhəmiyyətli bir hissəsinin artıq ABŞ-a satıldığını da bildirib.
Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, Boronilo Kursk vilayətində gedən döyüşlər zamanı əsir düşüb.