Gürcüstan Prezidenti: Xarici qüvvələr ölkəmizi Rusiya ilə müharibəyə sövq edirdi – ÖZƏL
18 Fevral 2025 14:15 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan Prezidenti Mixail Kavelashvili Fransanın Radio Courtoisie radiostansiyasına verdiyi müsahibədə bildirib ki, Ukrayna münaqişəsi başlayandan sonra xarici qüvvələr Gürcüstanı nüvə silahına malik Rusiya ilə müharibəyə cəlb etməyə çalışıb.
"Biz nüvə dövləti ilə üz-üzə buraxıldıq və bizə 'irəli gedin, sizə silah verəcəyik' deyildi. Gənc pro-avropalı qruplar Rusiyaya qarşı müharibəni müdafiə edirdi və əvvəlki hökuməti buna məcbur edirdilər. Belə olan halda sual yaranır: Gürcüstan bu münaqişəyə qoşulmalı idimi?" - deyə Kavelashvili vurğulayıb.
Prezidentin sözlərinə görə, bu təzyiqlər Ukraynadakı müharibənin intensivləşməsindən sonra daha da artıb: "Bizdən sanksiyalara qoşulmağı, döyüşçülər göndərməyi və müharibəni dəstəkləməyi tələb edirdilər. Lakin Gürcüstan nə NATO üzvüdür, nə də Avropa İttifaqına daxildir" - o bildirib.
Kavelashvili Gürcüstan xalqının hökumətin milli maraqları qorumaq səylərini dəstəklədiyini qeyd edib və keçmiş prezident Salome Zurabişvilinin addımlarını tənqid edib. "Gün gələcək və ölkəmizi qoruduğumuz üçün bizi haqlı hesab edəcəklər. Vətəndaşlarımıza həqiqəti deməli idik. Təəssüf ki, o dövrün prezidenti [Salome] Zurabişvili Moldova və Ukraynanı dəstəklədi" - o əlavə edib.
Xatırladaq ki, 2022-ci il fevralın 25-də Gürcüstanın o zamankı baş naziri İrakli Qaribaşvili Rusiyaya qarşı sanksiya tətbiq etməyəcəyini bildirmiş və bunun ölkəsinin milli maraqlarına uyğun olduğunu vurğulamışdı. 2024-cü ilin mart ayının əvvəlində isə Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstan hökumətinin mövqeyi ilə bağlı Tbilisidəki Ukrayna səfirini geri çağırmışdı. Bu addım Gürcüstan müxalifəti tərəfindən də tənqid olunmuş, hakimiyyət Rusiya ilə əməkdaşlıqda ittiham edilmişdi.
Bundan əlavə, hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının rəhbərliyi dəfələrlə bəyan etmişdi ki, Ukrayna hakimiyyəti və bəzi Avropa rəsmiləri Gürcüstanda ikinci cəbhənin açılmasına çalışır. Onların fikrincə, müəyyən qüvvələr Rusiyanı Gürcüstan ərazisində də hərbi əməliyyatlara təhrik etmək istəyirdi.