Qrossi: MAQATE ekspertlərinin Zaporojye AES-də rotasiyası yaxın günlərdə baş tutacaq – ÖZƏL
18 Fevral 2025 12:27 DünyaBeynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Zaporojye Atom Elektrik Stansiyasındakı ekspertlərinin rotasiyası yaxın günlərdə baş tutacaq.
Olaylar.az xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Rafael Qrossi "İzvestiya" qəzetinə açıqlamasında bildirib.
"Hazırda mütəxəssislərimizin növbəti rotasiyası üzərində işləyirik. Bildiyiniz kimi, əvvəlki rotasiya hərbi vəziyyətin gərginləşməsi səbəbindən yarımçıq qalmışdı," - deyə Qrossi qeyd edib.
O bildirib ki, MAQATE Moskva ilə təhlükəsizlik zəmanətləri ilə bağlı məsləhətləşmələr aparır və eyni zamanda Ukrayna tərəfi ilə də beynəlxalq müfəttişlərin qorunmasını təmin etmək üçün danışıqlar aparır.
"Ümid edirəm ki, bu prosesi növbəti bir neçə gün ərzində tamamlayacağıq," - Qrossi əlavə edib.
O AES-in atəşə tutulması ilə bağlı dəqiq məlumatlarının olmadığını da vurğulayıb: "Əlimizdə inandırıcı sübut yoxdur. Atəşin haradan açıldığını müəyyənləşdirmək çətindir. Vəziyyət çox kövrəkdir, hər iki tərəflə işləməyə davam etməliyik."
MAQATE rəhbəri yaxın vaxtlarda Rusiyaya səfər etməyi planlaşdırdığını da bildirib.
Qeyd edək ki, MAQATE ekspertləri 2022-ci ilin payızından bəri Zaporojye AES-də fəaliyyət göstərir və onlar demək olar ki, hər ay dəyişdirilir. Lakin fevral ayında rotasiya Kiyevin təxribatları səbəbindən iki dəfə təxirə salınıb. Ukrayna Xarici İşlər Nazirliyi gecikməyə Rusiyanın təhlükəsizlik zəmanətlərini verməməsini səbəb kimi göstərib.
Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov isə bu iddiaları təkzib edərək bildirib ki, Kiyev mövcud praktikanı aşan yeni tələblər irəli sürməyə çalışır.