İran G7-nin ittihamlarını "əsassız və məsuliyyətsiz" adlandırdı – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai Qrup-7 (G7) ölkələrinin xarici işlər nazirlərinin İran əleyhinə bəyanatlarını "əsassız və məsuliyyətsiz" adlandırıb.

İran Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, "İranın bölgədə qeyri-sabitliyə səbəb olduğu iddiaları mənasızdır. İranın müdafiə qabiliyyətləri beynəlxalq hüquq çərçivəsində inkişaf edir və Qərbi Asiyada təhlükəsizliyi təmin etmək üçün zəruridir."

Baqai qeyd edib ki, İranın nüvə proqramı sırf dinc məqsədlərə xidmət edir və bu sahədəki fəaliyyət beynəlxalq hüquq normalarına, həmçinin İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) və Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) ilə imzaladığı Təhlükəsizlik Razılaşması çərçivəsindəki öhdəliklərinə uyğundur.

Diplomat, İsraili Yaxın Şərqdə nüvə silahlarından azad zona yaradılmasına mane olan yeganə dövlət adlandırıb. Onun sözlərinə görə, "G7 ölkələrinin dəyişməz dəstəyi ilə İsrail Qəzza zolağında soyqırımı törətməkdə, bölgədəki digər ölkələrə qarşı təcavüzkarlıqda davam edir və kütləvi qırğın silahları hazırlamaqla beynəlxalq sülh və təhlükəsizliyi ciddi təhdid altına alır."

Xatırladaq ki, fevralın 15-də Münhen Təhlükəsizlik Konfransının kənarında keçirilən görüşdən sonra G7 xarici işlər nazirləri İranın nüvə fəaliyyəti, Yaxın Şərqdə müttəfiqlərinə dəstəyi, ballistik raket və pilotsuz uçuş aparatları proqramı, eləcə də İranda insan haqları pozuntularını pisləyən birgə bəyanat yayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31