Münhen Təhlükəsizlik Konfransının əsas nəticələri: Dünya siyasəti dəyişir – ÖZƏL

Dünyanın aparıcı KİV-ləri və analitikləri ötən həftəsonu Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransının nəticələrini dəyərləndirir və mümkün perspektivləri proqnozlaşdırırlar. 

Olaylar.az xəbər verir ki, BBC-nin təhlükəsizlik məsələləri üzrə müxbiri Frenk Qardnerin fikrincə, bu ilki Münhen Konfransından çıxarılacaq beş əsas dərs var.

1. Beynəlxalq münasibətlərin əvvəlki dövrü başa çatdı

İkinci Dünya Müharibəsindən sonra Avropada formalaşan təhlükəsizlik sistemi artıq mövcud deyil. ABŞ NATO-nun üzvü olaraq qalır, lakin Avropa artıq tam əminliklə gözləyə bilməz ki, xarici hücum olarsa, Vaşinqton mütləq müdaxilə edəcək.

2. Ukraynaya münasibət dəyişir

ABŞ və Rusiya Ukraynadakı müharibəyə son qoymaq üçün hansısa razılaşma əldə etməyə çalışır. Lakin bu proses nə Ukraynanın, nə də bütövlükdə Avropanın maraqları nəzərə alınaraq aparılır.

3. Müdafiə xərcləri artırılmalıdır

Rusiyanın artan təzyiqinə müqavimət göstərmək istəyən Avropa ölkələri müdafiə xərclərini dərhal artırmalıdır. Ekspertlərin əksəriyyəti bu mövzuda həmfikirdir.

4. Vensin çıxışı və siyasi qalmaqal

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Avropa siyasətini sərt tənqid etməsi Münhendə birmənalı qarşılanmadı. Bəzi iştirakçılar çıxışı təhqiredici hesab etsələr də, həm ABŞ-da, həm də Avropada onun fikirlərini dəstəkləyənlər az deyil. Prezident Donald Tramp isə bu çıxışı "parlaq" adlandırıb.

5. Artan fikir ayrılıqları

Vaşinqton və Avropa arasında müxtəlif məsələlərlə bağlı ciddi fikir ayrılıqları müşahidə olunur. Bundan əlavə, Tramp administrasiyasının üzvləri bir-birinə, hətta öz bəyanatlarına belə zidd mövqelər nümayiş etdirir.

Münhen Təhlükəsizlik Konfransı bir daha göstərdi ki, dünya siyasəti dəyişir və qlobal güclər arasında balans pozulmaqda davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31