Çin ordusuna məxsus 41 təyyarə və 9 hərbi gəmi Tayvana yaxınlaşıb – ÖZƏL
17 Fevral 2025 10:27 DünyaÇinin Xalq Azadlıq Ordusuna (PLA) məxsus 41 hərbi təyyarə və Çin Hərbi Dəniz Qüvvələrinə (PLAN) aid 9 gəmi Tayvan adası yaxınlığında müşahidə edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu gün saat 06:00-a (GMT ilə bazar günü 22:00) qədər 41 PLA təyyarəsi, 9 PLAN gəmisi və 1 rəsmi gəmi Tayvan ətrafında qeydə alınıb. 41 uçuşdan 28-i median xəttini keçərək Tayvanın şimal, mərkəz və cənub-qərb hava hücumundan müdafiə identifikasiya zonasına (ADIZ) daxil olub," - deyə Tayvan ordusu X sosial şəbəkəsində bildirib. "Biz vəziyyəti izləyirik və müvafiq cavab tədbirləri görmüşük," - məlumatda qeyd olunub.
Son dövrlərdə Tayvan Müdafiə Nazirliyi Çin ordusuna məxsus təyyarə və gəmilərin adaya yaxınlaşmasını mütəmadi olaraq qeydə alır.
Qeyd edək ki, Tayvan 1949-cu ildən etibarən öz administrasiyası tərəfindən idarə olunur. O zaman Çin Vətəndaş Müharibəsində məğlub olan Çan Kay-Şi (1887-1975) başda olmaqla Kuomintang qüvvələri adaya çəkilmişdi. Pekin isə Tayvanı Çin Xalq Respublikasının bir vilayəti kimi qəbul edir.