Ərdoğan: "Fələstinlilərin Qəzzadan çıxarılması qəbuledilməzdir" – ÖZƏL
14 Fevral 2025 16:13 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının sakinlərini zorla köçürmək planını tənqid edib.
Olaylar.az xəbər verir ki, "Fələstin xalqının Qəzzadan çıxarılması qəbuledilməzdir. Bu, heç bir müsəlman ölkəsinin qəbul edə bilməyəcəyi bir plandır, çünki Qəzza və Fələstin xalqının hüquqlarını görməzdən gəlir. Bu yanaşma uzunmüddətli, davamlı sülhə xidmət etmir, əksinə, münaqişəni qızışdırır. Əgər beynəlxalq ictimaiyyət insan haqlarına və humanitar yardıma deyil, siyasi hesablamalara əsaslanarsa, bölgədəki böhran daha da dərinləşəcək," - Ərdoğan Asiya turundan qayıdarkən jurnalistlərə bildirib.
Türkiyə lideri vurğulayıb ki, Qəzzadakı bütün yaralar yalnız 1967-ci il sərhədləri çərçivəsində müstəqil Fələstin dövlətinin tanınması ilə sağala bilər.
"Gerçək sülh yalnız hüquqların, bərabərliyin və ədalətin qarşılıqlı tanınması ilə mümkündür. Biz bu əsaslara söykənən istənilən sülh strategiyasını dəstəkləyəcəyik," - Ərdoğan əlavə edib.