Cey Di Vens: “Vaşinqton iqtisadi və hərbi təzyiq vasitələrinə malikdir” - ÖZƏL

ABŞ Rusiya ilə Ukrayna mövzusunda razılaşma əldə etmək üçün həm iqtisadi, həm də hərbi təzyiq rıçaqlarına malikdir. 

Olaylar.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens "The Wall Street Journal" (WSJ) qəzetinə müsahibəsində deyib.

"Təsir göstərmək üçün iqtisadi rıçaqlar var, əlbəttə, hərbi rıçaqlar da mövcuddur", - Vens bildirib.

WSJ-nin qeyd etdiyinə görə, əgər Moskva danışıqları səmimi şəkildə aparmaqdan imtina edərsə, ABŞ-nin Ukraynaya qoşun göndərməsi ehtimalı da nəzərdən keçirilən variantlar arasındadır.

Bununla yanaşı, Vens əldə ediləcək razılaşmanın "bir çoxlarını şoka salacağını" vurğulayıb. O, hələlik Ukraynanın ərazi güzəştləri və Qərbin təhlükəsizlik zəmanətləri ilə bağlı danışmağın tez olduğunu bildirib və qeyd edib ki, bu kimi detallar danışıqlar prosesində dəqiqləşdirilməlidir.

"Müxtəlif formulalar və konfiqurasiyalar var, amma bizim əsas narahatlığımız Ukraynanın suveren və müstəqil olmasıdır", - Vens vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqton Moskvanı döyüş meydanında deyil, danışıqlar masasında daha çox şey qazana biləcəyinə inandırmağa çalışır. O, həmçinin Ukrayna üzrə uğurlu razılaşmadan sonra Rusiya ilə münasibətlərin yenidən qurulmasını təklif edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31