Azərbaycan Çinlə əməkdaşlıqda maraqlıdır- ÖZƏL
14 Fevral 2025 11:28 Dünya"Çin Xalq Respublikası ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulduğu vaxtdan etibarən iki ölkə arasında əməkdaşlıq inkişaf edir və hazırda artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri mövcuddur: "Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Çinin CGTN televiziya kanalına müsahibəsində Azərbaycan-Çin münasibətləri ilə bağlı fiukirlərini ifadə edib, ölkələr arasında əlaqələri yüksək qiymətləndirib. Eyni zamanda, Çinin təşəbbüskarı olduğu "Bir kəmər-bir yol" layihəsinin önəmini vurğulayıb. Azərbaycan beynəlxalq tranzit imkanlarını dünyaya təqdim edir və bunun üçün kifayət qədər əsaslı infrastrukturu var. Bu səbəbdəndir ki, ötən il ölkəmizin ərazisindən tranzit daşımaların həcmi xeyli artıb".