Ərdoğan: "1967 sərhədləri çərçivəsində müstəqil Fələstin dövlətinin yaradılması təxirə salına bilməz" – ÖZƏL
12 Fevral 2025 13:56 DünyaOrta Şərqdə sülhün bərqərar olması üçün Qəzza zolağındakı münaqişənin həll edilməsi vacibdir və 1967-ci il sərhədləri çərçivəsində müstəqil Fələstin dövlətinin yaradılması artıq gecikdirilə bilməz.
Olaylar.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
"Şərqi Qüds paytaxt olmaqla, 1967 sərhədləri daxilində, suveren və ərazi bütövlüyünə malik Fələstin dövlətinin yaradılması daha təxirə salına bilməz. Qəzzada sülh bərqərar olmadan, fələstinlilər öz hüquqlarına qovuşmadan bölgədə sabitlik mümkün deyil," - deyə Ərdoğan Cakartada İndoneziya Prezidenti Prabovo Subianto ilə görüşdən sonra bildirib. Onun çıxışı TRT Haber telekanalında yayımlanıb.
Türkiyə lideri həmçinin İsrailin Qəzzada həyata keçirdiyi hücumlara görə təzminat ödəməli olduğunu vurğulayıb.
"İsrailin 15 ay ərzində Qəzzaya endirdiyi zərbələrin ümumi dəyəri təxminən 100 milyard dollardır. Hüquq qaydalarına əsasən, bu zərərin məsuliyyəti onu törədən tərəfin üzərinə düşür," - deyə Ərdoğan əlavə edib.
O həmçinin Türkiyə və İndoneziyanın Qəzzanın bərpasında birgə fəaliyyət göstərəcəyini bildirib.