Rusiya XİN: "Zelenskinin ərazilərin mübadiləsi ilə bağlı sözləri paranoyak sayıqlamadır" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə ərazilərin mübadiləsi ehtimalı barədə sözlərini tənqid edib.

Zaxarova bildirib ki, Zelenskinin belə bəyanatlarını ciddiyə almaq mümkün deyil. O, Sputnik radiosuna verdiyi açıqlamada Ukrayna prezidentinin legitimliyinin olmadığını vurğulayıb və onun tez-tez məntiqi ardıcıllığı olmayan, səs-küylü açıqlamalar verdiyini qeyd edib.

"Bu bəyanatların mahiyyəti real sülh təşəbbüsləri ilə bağlı deyil, taktiki məqsədlərə xidmət edir. O guya münaqişənin həlli istiqamətində irəliləyiş varmış kimi görüntü yaratmaq istəyir", - deyə Zaxarova əlavə edib.

Rusiya XİN rəsmisi həmçinin bildirib ki, Kiyev və Qərb Donbas sakinlərinə biganə yanaşır və bu bölgəni yalnız ərazi kimi görür. O Minsk razılaşmalarının icrasına imkan verilmədiyini xatırladıb və Qərbi Ukraynanı Rusiyaya qarşı dayaq nöqtəsinə çevirmək niyyətində ittiham edib.

Qeyd edək ki, Zelenski "The Guardian" nəşrinə müsahibəsində Rusiya ilə ərazilərin mübadiləsini istisna etmədiyini söyləyib, lakin bununla bağlı əlavə detallar verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31