KCNA: ABŞ-ın Qəzzaya nəzarət planı beynəlxalq hüquqa ziddir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA çərşənbə günü ABŞ-ı istismarçılıqda ittiham edərək, sabiq prezident Donald Trampın Qəzza ilə bağlı son təklifini "boş təhdidlər" adlandırıb.

Agentliyin rəsmi saytında yayımlanan şərhdə bildirilib ki, Tramp fevralın 4-də Vaşinqtonun uzunmüddətli perspektivdə Qəzzanı nəzarətə götürmək və fələstinliləri başqa ərazilərə köçürmək planlarını nəzərdən keçirdiyini bəyan edib.

"Qan və göz yaşlarının hələ də axdığı bir vaxtda, fələstinlilərin sülh və sabitliyə dair cüzi ümidini darmadağın edən bu sərt və qəddar açıqlama bütün dünyanı şoka saldı", - KCNA-nın şərhində deyilir.

Agentliyin məlumatına görə, hətta ABŞ-ın Qərbdəki müttəfiqləri də bu təklifi BMT Nizamnaməsinə zidd addım kimi qiymətləndiriblər.

"ABŞ-ın zorakılıq və istismar yolu ilə mövcudluğunu davam etdirmək xarakteri, eləcə də hegemonluq və qlobal hökmranlıq ambisiyaları yalnız tarixi bir məsələ deyil, bu gün Qəzzadakı vəziyyətdə də açıq şəkildə görünür", - deyə Koreya dilində yayımlanan şərhdə qeyd olunub.

Bundan əlavə, KCNA bildirib ki, yeni ABŞ administrasiyası təkcə Fələstin bölgəsi ilə kifayətlənmir, eyni zamanda Qrenlandiya və Panama kanalına yönəlik ekspansionist niyyətlərini artırır, hətta Meksika körfəzinin adını "Amerika körfəzi" olaraq dəyişməklə beynəlxalq hüquqa meydan oxuyur.

"ABŞ köhnəlmiş xəyallarından əl çəkməli, digər xalqların ləyaqətini və suverenliyini pozmağı dərhal dayandırmalıdır", - KCNA şərhini belə tamamlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31