Aİ: Ukraynada sülh razılaşması Avropasız mümkün deyil – ÖZƏL

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas bildirib ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli Avropanın iştirakı olmadan mümkün deyil. 

Olaylar.az xəbər verir ki, bu barədə o, Corriere della Sera qəzetinə müsahibəsində danışıb.

"Avropada müharibə gedir. Bu, Ukraynanı əhatə etsə də, eyni zamanda Avropaya da aiddir. Həqiqi sülhə nail olmaq üçün Avropa bu prosesin bir hissəsi olmalıdır. Mən Aİ-nin iştirakı olmadan heç bir sülh sazişi təsəvvür etmirəm," - Kallas vurğulayıb.

Onun sözlərinə görə, Avropanın Ukraynaya kömək etməsi sadəcə bir xeyriyyəçilik addımı deyil, həm də Aİ-nin öz təhlükəsizliyinə yatırdığı bir investisiyadır.

Bundan öncə ABŞ Prezidenti Donald Tramp Ukrayna məsələsinin tezliklə həll olunmasını istədiyini bildirmişdi. Qərb mediası isə Ukrayna məsələsinin yalnız Rusiya və ABŞ liderləri arasında ikitərəfli müzakirə olunacağını, Avropanın prosesdən kənarda saxlanacağını, Kiyevin isə yalnız formal iştirak edəcəyini iddia edir.

Fevralın 7-də Kremlin sözçüsü Dmitri Peskov ABŞ-dan Ukrayna ilə bağlı hələlik heç bir konkret təklifin gəlmədiyini açıqlayıb. O əlavə edib ki, Rusiya hər gün müxtəlif bəyanatları izləyir, lakin bunların bir çoxu sonradan təkzib edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31