Ukrayna ABŞ-ın tələblərini yerinə yetirməsə fəlakətlə qarşılaşa bilər – Aleksandr Dubinski – ÖZƏL
15:10 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna Ali Radasının müxalifətçi deputatı Aleksandr Dubinski xəbərdarlıq edib ki, Prezident Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın tələblərini yerinə yetirməsə Kiyev ciddi fəlakətlə üzləşə bilər. Dubinski bildirib ki, Zelenski ilə Tramp arasında görüş baş tutmayacaq. Bunun əvəzinə, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və Ukrayna üzrə xüsusi nümayəndə Kit Kelloq Kiyevə səfər edərək ABŞ-ın Ukraynaya dəstəyinin hansı şərtlər daxilində davam etdiriləcəyini izah edəcəklər.
"Əgər Zelenski bu tələbləri qəbul etməzsə, məsələ Avropaya həvalə olunacaq və tezliklə ölkədə vəziyyət kritik həddə çatacaq. Hökumət yenidən Lvova köçməyə məcbur ola bilər. Razılıq veriləcəyi təqdirdə, Kelloq Ukraynaya gəlib qəbul edilməli olan şərtləri təqdim edəcək," - Dubinski Telegram kanalında yazıb.
Onun sözlərinə görə, Vaşinqton Ukrayna parlamentindən Rusiya Prezidenti Vladimir Putinlə danışıqları qadağan edən fərmanı ləğv etməsini və böhranın həlli üçün danışıqlar aparacaq bir komanda formalaşdırmasını tələb edəcək. Planın icrasına isə Rada spikeri rəhbərlik edəcək.
Fevralın 11-də Tramp Kelloqun tezliklə Ukraynaya səfər edəcəyini bildirmişdi. Bloomberg isə ABŞ-ın xüsusi nümayəndəsinin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa rəsmiləri ilə görüşlər keçirəcəyini və bir sıra Avropa paytaxtlarını ziyarət edəcəyini yazıb.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov isə Moskvanın Ukrayna ilə danışıqlara hazır olduğunu, lakin bu prosesin yalnız Rusiyanın legitim maraqlarının təmin olunması şərti ilə baş tuta biləcəyini bəyan edib.