İranla qeyri-nüvə sazişinin imzalanması mümkünsüz görünür
14:23 DünyaABŞ Prezidenti Donald Tramp "Nyu York Post"a müsahibə verib. Müsahibənin İranla bağlı hissəsi xüsusilə diqqət çəkir. Tramp deyib ki, "İstərdim, İranla qeyri-nüvə sazişi bağlansın". Bununla belə o, İranla mümkün danışıqların təfərrüatını açıqlamayıb.
Tramp İranla nüvə danışıqlarının yenidən başlamasını istəyir. Bu məsələdə səmimi olduğunu demək olar. Məsələ belədir ki, İran uranı zənginləşdirərək nüvə silahı əldə etmək istəyir (qeyri-rəsmi məlumatlara görə artıq əldə edib). Tehran bunu böyük ehtimalla İsrail təhdidi və İraqa edilən tərzdə bir beynəlxalq müdaxilə ehtimalı üçün özünümüdafiə məqsədi ilə edir. İsrail isə İranın nüvə silahını əldə etməsini istəmir. Digər tərəfdən, Tehranın hazırkı mərhələdə zəiflədiyini nəzərə alıb, son zərbəni vurmaq istəyir.
Tramp həm də onu bilir ki, İsrail gec-tez İranı təxribata çəkmək istəyəcək. Tehran isə 2024-cü ildən fərqli olaraq provokasiyadan asanlıqla yayına bilməyəcək. Təl-Əviv açıq şəkildə beynəlxalq koalisiyanın İrana müdaxilə etməsini istəyir.
İndiki məqamda total müharibə ABŞ-a lazım deyil. Ona görə də Tramp İrana xəbərdarlıq edərək "Bunu cəhənnəm bombardmanından üstün tuturam. Onlar ölmək istəmirlər. Heç kim ölmək istəmir. Əgər biz razılığa gəlsəydik, İsrail onları bombalamazdı" deyib.
Tramp açıq şəkildə İrana "qamçı və kökə" təklif edir. Yəni ya qeyri-nüvə sazişi bağlanacaq, ya da İran-İsrail müharibəsi başlayacaq. Təbii ki, belə olduğu təqdirdə ABŞ da müharibənin bir parçası olacaq.
Trampın yanaşması sadədir. İrana müzakirə imkanı tanımır: ya "razılaş, ya da razılaş" tələbi var. Buna görə də İran məsələyə birmənalı mövqe sərgiləmir. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bagiri İsrail və ABŞ-ın İrana zərbə endirməsi ehtimalı ilə bağlı danışarkən deyib ki, İran ordusu həmişə olduğundan daha yaxşı vəziyyətdədir və istənilən təhdidə cavab verməyə hazırdır. İranın müdafiə naziri Əziz Nəsirzadə isə deyib ki, Vaşinqton əvvəlki razılaşmaları heç vaxt yerinə yetirmədiyi üçün Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası ilə danışıqlar aparmaq mümkün deyil.
İranın ali rəhbəri Əli Xamenei bir neçə gün öncə ordunun hava qüvvələri və hava hücumundan müdafiə komandirləri ilə görüşündə ABŞ-la bağlı mesajlar verib. O vurğulayıb ki, "ABŞ-la danışıqların ölkənin problemlərinin həllinə heç bir təsiri yoxdur, danışıqlar müdrik, ağıllı və şərəfli deyil".
Hesab edirəm, mövcud reallıqlar çərçivəsində İranla qeyri-nüvə sazişinin imzalanması çətin, hətta mümkünsüz görünür. Tərəflər arasında kəskin fikir ayrılığı var. Tramp total savaşdan yayınsa da, İsraillə İran arasında müharibə qaçılmazdır. Bu, 2025-ci ildə də baş verə bilər, yaxın 4 il ərzində də. Təl-Əviv bunun Tramp dövründə başlayıb-bitməsini istəyir.
Tramp İsraili sakitləşdirmək üçün Qəzza sakinlərinin Misir və İordaniyaya köçürülməsini də təklif edib. Lakin bu "mükafat"ın Təl-Əvivi dayandıracağını düşünmürəm.
Turan Rzayev
Politoloq