Azərbaycan bu gün öz tarixinin ən parlaq dönəmlərindən birini yaşayır-Kazım Kazımov- ÖZƏL

"Bildiyimiz kimi cənab İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldi.2003-cü il dünyada milenium əsrinin yeni illəri idi. Təbii ki, bu dövrdə insanların dünyaya baxışları çox fərqli idi. Hər kəs düşünürdü ki, Soyuq müharibə artıq başa çatıb, dünyada siyasi çəkişmələr azalıbdır, Rusiya artıq öz daxilinə qapanıbdır, ABŞ 1990-cı illərdən sonra dünyada çox da böyük əməliyyatlar həyata keçirməyəcəkdir və daha firavan bir dünya gözləniləcəkdir. Ancaq hər şey tərsinə oldu." Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib: "Birincisi, 2001-ci il sentyabr ayının 11-də "Əkiz qüllələr"ə hücum baş verdi. Bu hücumun ardından Qərb geniş miqyaslı  hərbi əməliyyatlar silsiləsi başlatdı. Əfqanıstana, İraqa açıq müdaxilələr baş verərkən bir çox Afrika və digər Asiya ölkələrində də aktiv hərbi əməliyyatlar başladı. Eyni illərdə Rusiyada yenidən Çeçenistan müharibəsi qızışdı. Qərbin başlatdığı beynəlxalq terrorizm adlanan müharibə, digər tərəfdən Çeçenistan hadisələri dünyada gözlənilən bir eranın olmayacağını göstərdi. Yəni, təqvimlər nə qədər dəyişsə də yenə də çox şey dəyişməyəcəkdi. Cənab Əliyev məhz həmin illərdə hakkmiyyətə gəldi, Azərbaycanın problemləri olduğu kimi davam edirdi, Ermənistan ərazilərimizi işğal etmişdi və Ermənistanda Rusiyayla çox sıx əməkdaşlıqda olan bir iqtidar var idi. Eyni şəkildə, Qərbdəki erməni lobbisi ilə də çox sıx əməkdaşlığı olan erməni iqtidarı var idi. Belə olan təqdirdə hər kəs gözləyirdi ki, Azərbaycan uzun illər və ya sonsuzadək torpaqlarını azad edə bilməyəcək. Hətta ermənilərdə işğalın genişlənəcəyinə dair gözlənti var idi, "böyük Ermənistan" xülyası o dövrdə davam edirdi. Hesab edirdilər ki, mərhum Heydər Əliyev kimi təcrübəli bir siyasətçidən sonra Azərbaycana daha açıq bir müdaxilə edə biləcəklər. Ancaq gözlədikləri kimi olmadı. Mərhum Heydər Əliyevin yürütdüyü siyasəti cənab Əliyev eyni şəkildə davam etdirdi və Azərbaycan daha da güclənməyə başladı. 2000-ci illərin ortalarına gəldikdə dünya artıq yenidən qütbləşməyə doğru gedirdi. Xüsusən, 2008-ci ildə Gürcüstan hadisələri, 2014-cü ildə Krım hadisələri, 2000-ci illərin ortalarında Qərbin dəstəklədiyi rəngli inqilablar və 2010-cu illərin başlarındakı "ərəb baharı" dövrü dünyada qeyri-stabilliyi yenidən gücləndirdi. Azərbaycan burada çox diqqətli bir xarici siyasət yürütməyə başladı, balanslı siyasət tərzini həyata keçirdi. Azərbaycan xeyrinə olan nə varsa, onun üzərində konturlaşdı. Belə ki, Rusiya və Qərblə olan münasibətlər elə olduğu kimi qaldı. Müstəqil siyasət həyata keçirdi, bununla yanaşı ciddi krizislərlə qarşı-qarşıya qalmadı. Digər tərəfdən Azərbaycan Ermənistanın ona qarşı qurduğu diplomatik blokadanı yarmağa başladı, ordusu yenidən gücləndi. Bu illərin nəticəsində Azərbaycan həm balanslı siyasətlə Ermənistanın Azərbaycana qarşı Vaşinqtondan Moskvaya qədər vurduğu diplomatik blokadanı darmadağın etdi. Azərbaycan ordusu dəfələrlə gücləndi və Qarabağdakı separatçı qüvvələri 44 gündə və sonrakı antiterror əməliyyatlarında darmadağın etdi. Bu illər ərzində təbii ki, təkcə xarici siyasət deyil, onun təzahürü kimi iqtisadi siyasətimiz də, daxili sabitlik də eyni şəkildə davam etdi. Azərbaycan iqtisadiyyatı çox parlaq illərdən keçdi. Bunu bir çoxları neftlə bağlayırlar. Ancaq biz unutmayaq ki, İraqın da, Liviyanın da nefti var idi. Ancaq onlara bu neft heç də xoşbəxtlik gətirmədi. Çünki, siyasi iradə bu neftdən doğru şəkildə istifadə edə bilmədi. Amma Azərbaycan öz təbii qaynaqlarını həm xalqımızın rifahı, həm Qarabağın azadlığı, həm inkişafımız üçün uğurlu şəkildə istifadə edildi. Biz təbii sərvətlərimizi də ağıllı şəkildə idarə etdiyimiz üçün Azərbaycan bu gün öz tarixinin ən parlaq dönəmlərindən birini yaşayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31