Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin tərkib hissəsidir- ÖZƏL

"Ölkəmizdə gənclər siyasəti sahəsində əldə olunan uğurlar gələcəyə hesablanmış siyasətin nəticəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Bu inam özünü bir daha 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdi. Azərbaycan gəncləri "Torpaq, əgər uğrunda ölən varsa Vətəndir" prinsipini öndə saxlayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Hücum!" əmrini böyük ruh yüksəkliyi ilə qarşıladılar. Azərbaycan əsgəri 44 gündə hər an irəliyə gedərək böyük qəhrəmanlıq, şücaət nümayiş etdirdi. Bu, onların Vətən, torpaq sevgisindən irəli gəlirdi. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzaladı, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının ideya müəllifi oldu."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31