Vladimir Putin G20 sammitində iştirak etmək üçün Hindistana getməyəcək
29 Avqust 2023 13:57 DünyaHindistan hökuməti Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 9-10-da Yeni Dehlidə keçiriləcək G20 sammitində iştirak etməyəcəyini təsdiqləyib.
Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Hindistanın Baş naziri Narendra Modinin ofisi V.Putinin gələn ay bu ölkədə keçiriləcək G20 sammitinə qatılmayacağını və onu xarici işlər naziri Sergey Lavrovun əvəzləyəcəyini açıqlayıb.
Bildirilib ki, Hindistan Baş naziri V.Putinlə telefonla danışıb. Hökumət başçısı deyib ki, Rusiya liderinin sammitdə iştirak etməmək qərarı anlaşılandır.
Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti CAR-da keçirilən BRİKS sammitində şəxsən iştirakdan imtina etmişdi.
Bundan əlavə, daha əvvəl Kreml bəyan etmişdi ki, V.Putin avqustda Türkiyəyə gedəcək. Amma bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrda özü Rusiyaya səfər edəcəyini bildirib.