Meksikada narkotik karteli şəhəri mühasirəyə alıb- ÖZƏL
3 İyul 2023 13:59 DünyaOlaylar.az xəbər verir ki, Meksikanın ən şiddətli hərəkətlərinin yaşandığı ştatlardan biri olan Miçoakanda narkotik karteli Apatzinqan şəhərinin giriş-çıxışını nəqliyyat vasitələri ilə bağlayıb. Narkotik kartelinin üzvləri avtobus və yük maşınlarını yolun ortasında saxlayaraq şəhərə giriş-çıxışları bağlayıblar. Adının açıqlanmasını istəməyən yük maşını sürücüsü jurnalistlərə bildirib ki, kartel üzvləri ondan avtomobilini yolun o biri tərəfində saxlamağı xahiş ediblər və hərəkət edərsə, onu yandıracaqları ilə hədələyiblər. Digər tərəfdən, kartelin silahlı üzvləri bir ailənin avtomobilini zorla ələ keçirib. Toqquşmaların baş verdiyi əraziyə gedən silahlılar burada bir nəfəri qətlə yetiriblər. Zərərçəkənin dostu qətlə yetirilən şəxsin avtosalonda işlədiyini və ailəsinə qovuşmaq üçün yolda olduğunu bildirərək, qətlin Xalisko narkokartelinin üzvləri tərəfindən törədildiyini iddia edib. "Qaynar zona" adlanan Apatzinqan Meksikada cinayətkar dəstələrin sığındığı, narkotik istehsalı və daşınmasının həyata keçirildiyi mərkəz kimi tanınır. Apatzinqanda uzun müddətdir ki, Viaqras narkotik karteli də fəaliyyət göstərir.