İranda Novruza hazırlıq zamanı 15 nəfər ölüb- ÖZƏL

Olaylar.az xəbər verir ki, İranda Hicri Şəmsi təqvimi ilə ilin axır çərşənbə gecəsi keçiriləcək "Çərşənbə Suri" mərasimlərinə hazırlıq zamanı 15 nəfər həyatını itirib, 6-sı ağır olmaqla 353 nəfər yaralanıb. İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İranın Təcili Yardım Mərkəzinin rəhbəri Cafer Miadfer ayın əvvəlindən Təbriz, Tehran, Həmədan, Urmiya və Qəzvin şəhərlərində hazırlıqlar zamanı baş verən qəzalarda 15 nəfərin öldüyünü açıqlayıb. Qəzalarda 353 nəfərin yaralandığını qeyd edən Miadfer xəstəxanaya yerləşdirilən 49 nəfərdən 6-nın reanimasiyaya aparıldığını bildirib. Qəzalarda 51 nəfərin əzalarını itirdiyini, 130 nəfərin bədəninin yanıq aldığını, 86 nəfərin isə gözündən yaralandığını qeyd edən İran rəsmisi ən çox insan itkisinin paytaxt Tehranda qeydə alındığını bildirib. İranda Yeni il (Novruz) qabağı ilin axır çərşənbə gecəsində keçirilən şənliklərdə xüsusilə uşaqlar və gənclər odunların üstündən tullanır, atəşfəşanlıq və şimşəklər yandırırlar. Bu şənliklər və onlara qarşı hazırlıq İranda hər il onlarla insanın ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olur. Hicri Şəmsi təqviminin tətbiq olunduğu İranda Novruz martın 21-də başlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31