Türkiyə iqtisadiyyatını çətin dövr gözləyir

Mühüm siyasi proses ərəfəsində olan qardaş Türkiyədə iqtisadi vəziyyət o qədər də rəvan deyil. Bunun başlıca səbəblərindən biri türk lirəsinin durmadan dəyərini itirməsidir. Hazırda Türkiyə lirəsi xarici valyutaya nisbətdə son illərin ən aşağı dəyərində satılır. Maliyyə sektorunda yaşanan bu xoşagəlməz olayı tənzimləmək üçün hökumət müəyyən tədbirlər görmək barədə düşünsə də, hələlik türk lirəsinin dəyərini özünə qaytarmaq, maliyyə bazarını tənzimləmək o qədər də mümkün görünmür.

Türk lirəsinin xarici valyutaya, xüsusən Birləşmiş Ştatlar dollarına nisbətən dəyərdən düşməsində xarici təsirlərin az rol oynamadığı bildirilir. Bununla Türkiyə iqtisadiyyatını iflasa uğratmağı hədəfləyən xarici güclər, Türkiyənin inkişafını həzm etməyən beynəlxalq güclər düşünürlər ki, ölkənin iqtisadi və maliyyə sektorunda baş verən proseslər hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın siyasi karyerasına təsirsiz ötüşməyəcək və növbədənkənar parlament və prezident seçkilərində həm Ərdoğan, həm də onun Ədalət və İnkişaf Partiyası məğlub duruma düşəcək. Elə əksər iqtisadçı ekspertlər də hesab edirlər ki, Türkiyəni iqtisadi cəhətdən çökdürməyi hədəfləyən beynəlxalq güclər bu yolla Ərdoğan amilindən qurtulmaq istəyirlər. Necə ki, Kırım böhranından sonra Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməklə Kreml rəhbərliyini cəzalandırmaq metodu tutulurdu, indi də oxşar oyunılar Türkiyəyə qarşı oynanılır

İqtisadçı ekspert Samir Əliyev deyir ki, Bloomberg-ə istinad etsək, 2018-ci ilə ABŞ dolları qarşısında 3,79 məzənnəsi ilə başlayan Türkiyə lirəsi 22,7 faiz dəyər itirərək hazırda 4,65-ə düşüb. Onun sözlərinə görə, lirənin 5 ay ərzində dəyərinin dörrdə bir qədər devalvasiyaya uğramasını ölkədə iqtisadi qeyri-sabitliyin əsas indikatoru hesab etmək olar: "Səbəb son dövrlər emosional, dayanıqlığı təmin edən institutların mövqeyini zəiflədən və buna görə də investorları çəkindirən iqtisadi-siyasətin yürüdülməsidir. Erkən seçki qərarı və seçkidən sonra mövcud hakimiyyətin mövqeyinin güclənməsi ehtimalı investorları ehtiyatlı olmağa sövq edir. Artıq Rusiyanın ən böyük bankı olan Sberbank Türkiyənin 5-ci ən böyük bankı olan törəmə müəssisəsini - Denizbankı ərəblərə dəyərindən ucuz sataraq bazarı tərk edir. Səbəb kimi Türkiyədə rəqabətin sərtləşməsi və ölkə bazarında işləməyin çətinliyi göstərirlir. Erkən seçki qərarı bazarda gərginliyi daha da artırıb, lirə təkcə may ayında dəyərini 13,6 faiz itirib və hökumət bazara ciddi müdaxilə etməsə, investorları sakitəşdirəcək mesajlar ötürməsə ən azı seçki günününə qədər ucuzlaşma davam edəcək". İqtisadçı deyib ki,  lirənin ucuzlaşmasının səbələrini tədiyyə balansında aydın görmək olur: "2018-ci ilin 1-ci rübündə birbaşa investisiyalar 9,4 faiz azalaraq $181,5 milyarddan $164,5 milyarda düşüb. Portfel investisiyalarında da azalma qeydə alınıb - (0,5%). Türkiyə banklarının xarici ölkələrdəki depozitləri 6 faizdən çox azalıb. Cari hesablar balansında da vəziyyət pisləşib. Təkcə malların xarici ticarətdə kəsir 1 il ərzində (I rüb 2017 - I rüb 2018) $8,5 milyarddan $17,2 milyarda qədər artıb. Xidmətlər balansının müsbət saldosu cari hesablar balansının 2 dəfə azalmasının qarşısını ala bilməyib. Tədiyyə balansının pisləşməsi rəsmi valyuta ehtiyatlarını da əridib. Təkcə mart ayından rəsmi ehtiyatlar 4,3 milyard dollar azalıb. Halbuki yanvar ayında 4,3 milyard dollar artım qeydə alınmışdı. Əlbəttə bu Türkiyə iqtisadiyyatına ümumi baxışdır. İqtisadi dayanıqlığı daha dəqiq və detallı qiymətləndirmək üçün maliyyə sesktorundan tutmuş real sektora qədər olan sahələr nəzərdə keçirilməlidir. Ancaq ölkənin beynəlxalq investisiya mövqeyindəki pisləşmə meylləri iqtisadi təhlükələrin ilkin simptomlarını göstərir. Lirənin ucuzlaşması Türkiyə ixracının rəqabət qabiliyyətini artırsa da ölkə investisiya cəlbində çətinliklərlə üzləşə bilər. Digər tərəfdən də kapital axını milli valyutanının sabitliyini təhlükə altına alır. Türkiyəyə investisiya yatırmış Azərbaycan da bu ölkədə iqtisadi sabitliyin olmasında maraqlıdır. Ancaq iqtisadi qərarların verilməsində mövcud yanaşmalara korrektələr edilməsə Türkiyə iqtisadiyyatını qarşıda ağır dövr gözləyir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31