Türkiyə və Rusiya arasındakı güclü siyasi və iqtisadi münasibətlər

Cənubi Qafqazda sülh və sabitliyin, təhlükəsizliyin zəmanətidir

Son illərdə beynəlxalq və regional münasibətlər sistemində müşahidə edilən müsbət tendensiyalardan biri Azərbaycanın iki yaxın qonşusu, Rusiya Federasiyası və Türkiyə Cümhuriyəti arasında münasibətlərin inkişaf etdirilməsidir. Etiraf edək ki, çoxları, hətta Rusiya və Türkiyənin özündən belə olan analitiklər məlum təyyarə krizisindən sonar Ankara ilə Moskva arasında münasibətlərin normallaşacağına ümid etmir, hətta iki ölkənin bir-birinə düşmən kəsiləcəyini ehtimal edirdi. Ancaq həm Türkiyə, həm də Rusiyanın siyasi rəhbərliyinin mövcud problemdən çıxış yolunu ağıllı başla axtarıb tapması nəticə etibarilə Ankara ilə Moskvanı vuruşdurmaq istəyənlərin planlarını puça çıxardı. Və göründüyü kimi bu gün iki ölkə arasında yüksək səviyyədə qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur və Türkiyə ilə Rusiya bir-birinin strateji müttəfiqinə çevrilib. Təsadüfi deyil ki, artıq hər kəs birmənalı şəkildə etiraf edirlər ki, Rusiya və Türkiyə arasındakı yaxın münasibətlər son zamanlarda görünməmiş həddə çatıb. Bəs hər iki ölkənin əlaqələrinin bu qədər yaxınlaşmasında əsas amil nədir?

Beynəlxalq məsələlər üzrə ekspert Emil Həsənli deyib ki, əvvəlcə Qərb ölkələrinin siyasi fəaliyyəti bu ölkələri yaxınlaşdırdı. Onun sözlərinə görə, Birləşmiş Ştatların Krım məsələsindən sonra Rusiyaya sanksiya tətbiq etdiyi məlumdur və beynəlxalq arenada Rusiya bu gün də təklənib: "Avtomatik Birləşmiş Ştatlardan siyasi və iqtisadi baxımdan asılı olan Avropa ölkələri də Rusiyaya qarşı sanksiyalarda fəal iştirak etdilər. Rus təyyarəsinin Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulması isə Rusiya və Türkiyənin arasını çox pis soyutdu. Münasibət dövlətlər arasında əlaqələrin dondurulma səviyyəsinə qədər gəlib çatmışdı. Sonradan hər iki dövlət geri addım atdı və təsəvvür edilməyəcək dərəcədə yaxınlaşdı. Məlum olduğu kimi Türkiyə də Rusiya kimi meydanda tək qalmışdı. Tək fərq ondan ibarət idi ki, Rusiyaya qarşı birbaşa və elan olunmuş iqtisadi və siyasi basqılar var idi. Türkiyəyə isə açıq şəkildə basqılar edilmirdi. Türkiyə tərəfi isə Birləşmiş Ştatların sözdə Türkiyəyə müttəfiq gözü ilə baxdığını düşünüb,YPG-PKK-ya silah təchizatının artırmasını dostluğa, partnyorluğa sığmayan hərəkət kimi qiymətləndirdi. Rus təyyarəsini vurduqdan sonra başda Amerika olmaqla NATO ölkələri Türkiyəni dəstəklədi. Paradoksal vəziyyət isə Türkiyənin yanında olduğunu sözdə bəyan edərək, YPG-PKK-nın gücləndirilməsi idi. Türkiyəyə kifayət qədər rus turistin gəlməsi dövlətlər arasındakı krizdən sonra dayandı. Eyni zamanda türk tərəfi də bəzi addımlar atdı. Hər iki ölkə aralarındakı bu gərginliyin onlara ziyan etdiyini və bu gərginlikdən yalnız Birləşmiş Ştatların bəhrələndiyini gördü. Özləri sanki istəmədən ABŞ-ın istədiklərini edirdilər". Ekspert bildirib ki,  zamanla münasibətlər daha da güclənməyə başladı. Sonradan Rusiya, Türkiyə, İran üçlüsü Suriya siyasətində aktiv oyunçu oldular: "Buradan belə bir sual yaranır: Bundan sonra Suriya siyasətində Türkiyənin tutduğu istiqamət necə olacaq və Rusiya ilə isti münasibətlər Türkiyə tərəfinin Rusiyanın Suriya siyasətini dəstəkləyəcəyi anlamınamı gələcək?. Hesab edirəm ki, Birləşmiş Ştatlar və Türkiyə bir-birinə hələ çox lazımdır. Bəzi siyasi məsələlərdə Türkiyənin Rusiya ilə deyil, Amerika ilə maraqları uyğundur. Xüsusilə, Suriya məsələsində. Birləşmiş Ştatlar kimi Türkiyə də Bəşər Əsədin getməsinin tərəfdarıdır. Lakin Rusiya və İran Əsədin hakimiyyətdə qalması üçün çalışır.

Birləşmiş Ştatlar, Böyük Britaniya və Fransanın Suriyaya kimyəvi silah hücumlarına cavab olaraq endirdiyi qanadlı raket və hava zərbələri Rusiya və İran tərəfindən sərt şəkildə qınanıldısa, Türkiyə bu hücumları dəstəklədiyini bildirərək, ara-sıra belə hücumların təşkilinin vacib olduğunu bəyan etdi. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında bu hücumları dəstəklədiyini bildirdi.
Şayrata ötən il ABŞ zərbələr endirəndə də Türkiyə bu hücumları dəstəkləmişdi". 

Emil Həsənli qeyd edib ki, bu gün əgər Rusiya və İran televiziyaları Bəşər Əsədin məzlum olduğunu təbliğ edirlərsə, türk kanallarında Bəşər Əsəd "qatil" adlandırılır: "Bir məsələ də ondan ibarətdir ki, ABŞ YPG-ni olmasa da, PKK-nı terror təşkilatı kimi tanıyır. Amma Rusiya bunların heç birini terror təşkilatı kimi tanımır. Bu elə sonuncu ilə bərabər Suriya siyasətində Türkiyə ilə Rusiyanın maraqlarının uzlaşmaması ABŞ üçün böyük bir vasitədir ki, gələcəkdə bundan istifadə etsin.

S-400 zenit-raket komplekslərinin Rusiyadan alınması məsələsi isə ABŞ-la Türkiyə arasındakı münasibətlərdə müəyyən qədər durğunluq yaradıb. Hətta gündəmdə S-400 alındıqdan sonra Türkiyəyə qarşı sanksiya məsələsi də durur. Lakin, zənnimcə, bu o qədər də asan deyil. Türkiyə Birləşmiş Ştatlara hələ çox lazımdır. Birləşmiş Ştatlar Türkiyəyə Patriot raket sistemlərini satmadığı üçün Türkiyə Rusiyaya üz tutdu. Türkiyənin S-400 sazişindən imtina edəcəyini isə gözləmirəm. Bu hər halda Rusiya ilə münasibətləri yenidən korlaya bilər və Türkiyə tərəfi də bunu gözəl bilir. Suriya siyasətində hər iki ölkənin mövqeyi fərqli də olsa Türkiyə ilə Rusiya arasındakı əlaqələrin inkişaf edəcəyini düşünürəm. Rusiyadan kifayət qədər turist Türkiyəyə gəlir, Türkiyə tərəfi isə Rusiyanı kənd təsərrüfatı məhsulları ilə təmin edir və sanksiyalar sonrası Türkiyənin bu yardımı Rusiya üçün çox gərəklidir. Türk iş adamları və türk şirkətləri Rusiyaya kifayət qədər investisiya yatırır. Sanksiyalardan sonra bu rəqəm maliyyə itkilərinə görə aşağı düşsə də hər halda bu dövlətlər arasındakı iqtisadi münasibətlərə heç bir zərər verməyəcək. Ən əsası Türkiyə və Rusiya arasındakı güclü siyasi və iqtisadi münasibətlər həm də Cənubi Qafqazda sülh və sabitliyin, təhlükəsizliyin zəmanətidir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31